BAKI, 7 oktyabr. TELEQRAF

Avropa Parlamentinin Strasburq şəhərində yerləşən binasında ABŞ Prezidenti Donald Trampın çılpaq təsvir olunduğu “Narıncı vəba” adlı heykəli qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Əlində qolf dəyənəyi tutan Amerika lideri bir kişinin çiyinlərində təsvir olunub. 23 karatlıq qızılı örtüklü heykəlin hündürlüyü təxminən 2,5 metrdir.

Heykəl Danimarka Sol Partiyasından deputat Per Klauzenin sifarişi ilə heykəltəraş Yens Qalşot tərəfindən hazırlanıb. O, dəfələrlə Trampı “iqlim böhranının əsas səbəbkarı” adlandırıb.

“Əgər kimsə bu qədər dözümsüzdürsə və heykəlin Avropa Parlamentində nümayiş etdirilməsini qəbul edə bilmirsə, deməli, onun dünya səhnəsində yeri yoxdur”, - Klauzen bildirib