BAKI, 7 oktyabr. TELEQRAF

Aİ 2008-ci ildən Azərbaycanın təhsil sektorunu dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç “Avropada Təhsil” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin vaxtdan etibarən 29 layihə həyata keçirilib:

“Avropanın ali təhsil müəssisələri bakalavr, magistr və doktorantura təhsili almaq istəyən tələbələr üçün geniş imkanlar yaradır. Tələbələr Avropada çoxsaylı akkreditə olunmuş kollec və universitetlər arasından seçim edə bilərlər.

Minlərlə azərbaycanlı tələbə Erasmus+ və digər proqramlar çərçivəsində Avropada təhsil almaq imkanından yararlanıb.

Bu gün “Avropada Təhsil” sərgisinin dördüncü dəfə təşkil olunmasından məmnunluq duyuram. Budəfəki forumda 16 ölkədən 60 universitet və milli təhsil agentliyi iştirak edir. Ümid edirəm ki, tədbirimiz gənc azərbaycanlıları Aİ-də təhsil almağa, imkan və fürsətlər dünyasına çıxmağa təşviq edəcək”.