BAKI, 7 oktyabr. TELEQRAF
Macarıstanın ali təhsil müəssisələrində hazırda 800 azərbaycanlı tələbə təhsil alır.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma “Avropada Təhsil” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Macarıstanda 64 ali təhsil müəssisəsi fəaliyyət göstərir:
“Son illərdə Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib və bu tərəfdaşlıq iki ölkənin sosial-iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən biridir”.
O qeyd edib ki, Macarıstan universitetləri ingilis dilində yüksək keyfiyyətli təhsil proqramları təklif edir:
“Azərbaycanlı tələbələr əsasən mühəndislik, biznes və informasiya texnologiyaları sahələrində təhsil almağa üstünlük verirlər”.
Səfir kənd təsərrüfatı və əczaçılıq sahələrində də iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın olduğunu vurğulayıb:
“Macarıstan zəngin mədəni həyatı və təhlükəsiz mühiti ilə azərbaycanlı tələbələr üçün cəlbedicidir. Bakı ilə Budapeşt arasında birbaşa uçuşların olması da tələbələrin Macarıstanı seçməsinə təsir edən amillərdəndir”.
Tamaş Torma hazırda Macarıstanda 800 azərbaycanlı tələbənin təhsil aldığını qeyd edərək, bunun iki ölkə arasında akademik əlaqələrin və mədəni mübadilənin inkişafını göstərdiyini bildirib.