BAKI, 7 oktyabr. TELEQRAF
Qırğızıstan 2026-cı ilin sonuna qədər Avropa aviaşirkətlərinin köməyi ilə Avropaya birbaşa uçuşlara başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Hava Limanları ASC-nin İdarə Heyətinin sədri Manasbek Samidinov məlumat verib.
Hazırda Avropa aviaşirkətləri ilə danışıqlar aparılır.
Samidinov qeyd edib ki, Qırğızıstanın Avropa İttifaqının aviasiya üzrə qara siyahısından çıxarılmasından sonra qitəyə uçuşlara heç bir məhdudiyyət yoxdur: “Yeni ilə qədər Avropa aviadaşıyıcılarını Qırğızıstana açıq hava xidməti göstərməyə cəlb etməyi planlaşdırırıq”.
Hazırda Qırğızıstan aviaşirkətləri uyğun təyyarə çatışmazlığı səbəbindən Avropaya birbaşa uçuşlar həyata keçirə bilmir. Bu problemi həll etmək üçün bu il “Asman Airlines” üçün iki “Airbus” A321 təyyarəsi alınıb. Manasbek Samidinovun sözlərinə görə, onların 2027-ci ilin may ayında Qırğızıstana çatdırılması planlaşdırılır.
Xatırladaq ki, iyunun 8-də Qırğızıstan 2006-cı ildən bəri olduğu Avropa İttifaqının qara siyahısından çıxarılıb. Bundan sonra Qırğızıstan aviaşirkətlərinin Aİ-yə uçuşlar həyata keçirməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.