BAKI, 24 sentyabr. TELEQRAF
"İcra haqqında" qanuna yeni maddə əlavə edilir.
Teleqraf xəbər verir ki, bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Təqdim olunan qanun layihəsində “İcra haqqında” qanununa “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.
Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.
Qanun layihəsində həmçinin “Qiymətli kağızlar bazarı haqqında” Qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi də nəzərdə tutulur.