BAKI, 23 sentyabr. TELEQRAF
Sosial mediada İslam dinini hədəf alan xoşagəlməz hallar baş verir və bunun qarşısı qəti şəkildə alınmalıdır.
Teleqraf xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deyib.
“Bir neçə gün əvvəl cənab Prezident Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə görüşdü və orada bir çox mühüm mesajlar verdi. Xüsusilə bu mesajların içərisində getdikcə dünyada islamofobiya meyllərinin artmasının yaratdığı təhlükədən bəhs etdi və vurğuladı ki, heç kim bizim dinimizə zərbə vura bilməz.
Amma biz, xüsusilə də sosial mediada bir sıra şəxslər tərəfindən davamlı olaraq İslam dininin gözdən salınmasına yönəlmiş təbliğat aparılmasının şahidi oluruq. Biz davamlı olaraq həyata keçirilir”, - o vurğulayıb.
Deputat hesab edir ki, bu cür təbliğatın sosial mediada aparılmasının qarşısını qəti şəkildə almaq lazımdır: “Hər kəsin dini inanc məsələsində azaddır. Bu hər kəsin öz seçimidir, bizim ölkəmizdə dini etiqad azadlığı var, kimsə dini həyat tərzini seçə bilər və kimsə fərqli formada yaşaya bilər. Amma ümumilikdə təbliğatın bu formada aparılması, özü də davamlı olaraq səhərdən axşama kimi İslam dəyərlərinə hücum edilməsi yolverilməzdir”.
Ceyhun Məmmədov onu da əlavə edib ki, dünyada olduğu kimi Azərbaycanda da iradəmizdən asılı olmayaraq dini bir oyanış müşahidə olunur: “Burda məni narahat eləyən əsas məsələ Azərbaycanın ənənəvi dini xəritəsinin dəyişməsidir. Bir sıra hallarda radikalizm meyllərini biz müşahidə edirik. Son həftələr hüquq-mühafizə orqanları bunu bir daha açıq-aydın göstərdi. Ona görə də burada ciddi maarifləndirmə və təbliğat işlərinə ehtiyac var ki, bu proses arzuolunmayan istiqamətə getməsin”.
Deputat həmçinin onu da qeyd edib ki, bu gün kimlərsə dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışır: “Bu çox təhlükəli bir tendensiyadır. Tarix boyu bizdə, inanclı insanlarla yanaşı inancsız insanlar da olub. Burada dəfələrlə deyildiyi kimi, dinimiz xalqımızın milli sərvətidir. Yəni Azərbaycan dövləti bu gün cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə məscidlərimizi bərpa edir. Burada bizim dəyərlərimizin qayıtması üçün addımlar atılır. Amma bu gün sosial mediada gedən müzakirələr çox təhlükəli tendensiyadan xəbər verir. Biz cəmiyyətdə birgəyaşayışı təmin etməliyik. Qeyd etdiyimiz kimi, Azərbaycan dünyəvi dövlətdir, hər kəsin etiqad azadlığı var. Bu həm Konstitusiyada, həm də "Dini etiqad azadlığı haqqında" qanunda öz əksini tapıb”.