BAKI, 22 sentyabr. TELEQRAF

"Təbii ehtiyatların səmərəli idarə olunması, enerji təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması bu gün dövlət siyasətinin bir-biri ilə sıx bağlı olan əsas istiqamətlərindəndir".

Teleqraf xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin iclasında deputat Fatma Yıldırım deyib.

O qeyd edib ki, 2026-cı ilin yaz sessiyasının ilk iclasından başlayaraq komitənin gündəliyində mühüm qanunvericilik məsələləri olub:

"Bu məsələlər arasında xüsusilə təbii ehtiyatlardan istifadə, enerji resurslarının səmərəliliyi və ekoloji tələblərin təkmilləşdirilməsi ilə bağlı müddəalar diqqət çəkir. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyin müasir iqtisadi və ekoloji çağırışlara uyğunlaşdırılması davamlı proses olmalıdır.
Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycanın enerji siyasəti artıq yalnız ənənəvi enerji resurslarının hasilatı və ixracı ilə məhdudlaşmır. Ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyini və yaşıl iqtisadiyyata keçidi də strateji istiqamət kimi müəyyən edib. Komitənin qanunvericilik fəaliyyəti də bu yeni mərhələnin tələblərinə uyğun şəkildə formalaşır".

Deputat vurğulayıb ki, komitənin fəaliyyəti yalnız qanun layihələrinin müzakirəsi ilə məhdudlaşmır: "İctimai müzakirələr, aidiyyəti dövlət qurumları və mütəxəssislərlə fikir mübadiləsi də qanunvericilik prosesinin keyfiyyətinə öz töhfəsini verir. Əvvəlki fəaliyyətimizdə enerji səmərəliliyi, yaşıl enerji, meşə fondunun idarə olunması, biomüxtəlifliyin qorunması kimi məsələlərə xüsusi diqqət yetirilməsi də bunun göstəricisidir.

Hesab edirəm ki, qarşıdakı dövrdə də əsas məqsədimiz qəbul olunan qanunların yalnız hüquqi baxımdan təkmil olması ilə kifayətlənməməli, onların praktikada effektiv tətbiqinə də diqqət yetirilməlidir. Çünki bizim müzakirə etdiyimiz məsələlər birbaşa olaraq iqtisadiyyatımıza, enerji təhlükəsizliyimizə, sahibkarlıq mühitinə və ətraf mühitə təsir göstərir".