BAKI, 21 sentyabr. TELEQRAF
"Bəzi dövlət qurumlarında həyata keçirilən islahatlar istənilən effektiv nəticəni vermir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında deputat Səyyad Aranın dövlət qurumlarının fəaliyyəti ilə bağlı qaldırdığı məsələyə reaksiya verərkən deyib.
“İş təcrübəsi olan kadrlar işdən çıxarılır. Bu insanların illərlə təcrübəsi var. Onlar əslində iş üsulunu bilirlər. Onlar öz üzərilərində ictimai təzyiqi və tələbləri görüb keçmiş insanlardır, xalqın imtahanından keçiblər”, - komitə sədri deyib.
O əlavə edib ki, bununla bağlı davamlı olaraq məsələlər qaldırılır, amma məsələ həll edilmir: “Ona görə də ümumiyyətlə dövlət qurumlarında işə qəbul sisteminin mərkəzləşdirilməsində bir sıra hallarda ciddi qüsurlar var. Bu, açıq-aydın olan məsələdir. Halbuki onların hamısı dəfələrlə dövlətin əsas sınaqlarından keçmiş insanlardır”.
Z.Oruc qeyd edib ki, burada çevik mexanizm yaratmaq lazımdır: “Bu mexanizm respublikanın bütün regionunda tətbiq edilməlidir ki, ən ucqar bir kənddə olan şəxs çox asanlıqla işə qəbul oluna bilsin və açıq, şəffaf bir sistemi görə bilsin”.