BAKI, 21 sentyabr. TELEQRAF

Milli Məclisdə “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu məsələ parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İş planında əksini tapıb.
Bundan başqa, “Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində” ictimai dinləmənin keçirilməsi planlaşdırılır.

Sessiya dövründə Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın, “İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans” mövzusunda müqayisəli hüquqi icmalın, İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması, “Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq” mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması, Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması “Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti” mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması, həmçinin “Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma” mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması komitənin iş planına daxil olunub.