BAKI, 19 sentyabr. TELEQRAF
"2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici hərbi-siyasi mərhələ oldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatın nəticəsi onun miqyası ilə müddəti arasındakı böyük fərqi göstərirdi: illərlə möhkəmləndirilmiş hərbi mövqelər, silah-sursat anbarları, artilleriya və hava hücumundan müdafiə vasitələri qısa müddətdə zərərsizləşdirildi, qanunsuz silahlı birləşmələr tərksilah olunmağa məcbur edildi".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, 19 sentyabr hadisələri qəfil yaranmış situasiyanın deyil, 2020-ci ildən sonra davam edən proseslərin məntiqi nəticəsi idi: "44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi mövqeyini kökündən dəyişdirmiş, işğal altındakı ərazilərin böyük hissəsinin azad edilməsini təmin etmişdi. Lakin Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin mövcudluğu, onların hərbi infrastrukturu saxlaması Azərbaycanın suverenliyinin tam təmin edilməsinə maneə olaraq qalırdı. 2021–2023-cü illərdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal əməliyyatlar bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. 2022-ci ilin avqustunda keçirilmiş “Qisas” əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba və digər strateji yüksəkliklər nəzarətə götürüldü. Dağlıq ərazidə hakim yüksəkliklərə nəzarət yolların, kommunikasiya xətlərinin və hərbi mövqelərin müşahidə və idarə edilməsində mühüm üstünlük yaradırdı. Bu addımlar 2023-cü ilin sentyabrında keçiriləcək əməliyyat üçün daha əlverişli operativ şərait formalaşdırmışdı".
Deputat bildirib ki, sentyabrın 19-da Xocavənd istiqamətində mina partlayışları nəticəsində Azərbaycan vətəndaşlarının, o cümlədən polis əməkdaşlarının həlak olmasından sonra lokal antiterror tədbirlərinin başlanması elan edildi: "Müdafiə Nazirliyinin açıqladığı məqsəd Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah və ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpası idi. Əməliyyatın gedişi Azərbaycan Ordusunun artıq 2020-ci ildə nümayiş etdirdiyi yeni döyüş modelinin daha lokallaşdırılmış və yüksək dəqiqliklə tətbiqini göstərdi. PUA-lar, artilleriya, aviasiya, zirehli texnika və radioelektron mübarizə vasitələri koordinasiyalı şəkildə istifadə edildi.
İlk mərhələdə 60-dan çox döyüş mövqeyi nəzarətə götürüldü, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, zenit-raket sistemləri və radioelektron mübarizə vasitələri zərərsizləşdirildi. Sonrakı mərhələdə 90-dan artıq mövqe və bir sıra strateji yüksəkliklər Azərbaycan bölmələrinin nəzarətinə keçdi. Burada mühüm məqam əməliyyatın məhdud və konkret hərbi hədəflərə yönəldilməsi idi.
Azərbaycan rəhbərliyi mülki əhalinin və mülki infrastrukturun qorunması barədə ordunun qarşısına ayrıca tələb qoymuşdu. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində hərbi birləşmələrə Qarabağın erməni sakinlərinin zərbə altına düşməməsi və mülki infrastruktura atəş açılmaması barədə tapşırıq verildiyini bildirdi".
Millət vəkilinin sözlərinə görə, sentyabrın 20-də qarşı tərəf Azərbaycanın şərtlərini qəbul etdi və saat 13:00-dan əməliyyat dayandırıldı: "Şərtlərə qanunsuz silahlı birləşmələrin tərksilahı, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılması və hərbi texnikanın təhvil verilməsi daxil idi. Sonrakı günlərdə təhvil verilmiş silah-sursatın həcmi Qarabağda formalaşdırılmış hərbi potensialın miqyasını da üzə çıxardı. Məsələn, sentyabrın 30-dək 53 top və haubitsa, 63 minaatan, 135 hava hücumundan müdafiə vasitəsi, 22 zirehli texnika və təxminən iki milyon patronun təhvil verildiyi açıqlanmışdı. Əməliyyatın nəticələri yalnız hərbi müstəvidə qalmadı. Onun siyasi nəticəsi sentyabrın 28-də daha aydın şəkildə ortaya çıxdı.
Samvel Şahramanyanın imzaladığı fərmanda qondarma rejimin bütün “dövlət qurumlarının” 2024-cü il yanvarın 1-dək buraxılması və həmin qurumun mövcudluğuna xitam verilməsi nəzərdə tutulurdu. Burada, eyni zamanda Qarabağın erməni əhalisinə Azərbaycan tərəfindən təqdim edilən reinteqrasiya şərtləri ilə tanış olmaq tövsiyə edilirdi".
"Beləliklə, 19–20 sentyabr əməliyyatının hərbi-siyasi əhəmiyyəti məhz nəticələrin ardıcıllığında görünür: qanunsuz silahlı qüvvələr tərksilah edildi, onların hərbi infrastrukturu ləğv olundu, separatçı idarəçilik mexanizmi dağıldı və qondarma rejim özünü buraxmağa məcbur oldu. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Azərbaycan Bayrağını ucaltması isə bu prosesin siyasi və rəmzi yekununa çevrildi. Bu baxımdan 19–20 sentyabr 2023-cü il 44 günlük Vətən müharibəsindən başlanan strateji xəttin tamamlanması idi. Belə ki, 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsi hərbi yolla bərpa edildi, sonrakı əməliyyatlarla strateji mövqelər möhkəmləndirildi, 2023-cü ilin sentyabrında isə Azərbaycan özünün bütün beynəlxalq səviyyədə tanınmış ərazisində vahid dövlət hakimiyyətini və suverenliyini tam təmin etdi.
Bu nəticə Prezident, Ali Baş Komandan İlham Əliyevin illər ərzində həyata keçirdiyi hərbi və diplomatik strategiyanın əsas siyasi yekunlarından biri oldu", - deyə Sevinc Fətəliyeva vurğulayıb.