BAKI, 5 noyabr. TELEQRAF
"Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü xüsusi və əbədi yer tutur. Bu möhtəşəm tarix xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının təntənəsidir. Zəfər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı, milli qürurumuzun və dövlətçilik əzmimizin ən parlaq ifadəsidir".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, işğal dövründə Azərbaycan dövlətinin dəyişməz prioriteti ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və prinsipial siyasət bu ali məqsədə nail olmaq üçün ölkəmizin bütün potensialını səfərbər etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsini təmin etdi.
İqtisadi müstəqilliyin gücləndirilməsi, beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı ölkəmizin regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə yüksəltdi. Bu iqtisadi güc müdafiə qabiliyyətimizin artırılmasına da geniş imkanlar yaratdı. Müdafiə xərclərinin yüksəldilməsi, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchizatı, hərbi sənaye kompleksinin inkişafı, peşəkar kadr hazırlığı qüdrətli ordunun formalaşdırılmasında həlledici rol oynadı.
Eyni zamanda, Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti beynəlxalq mövqelərimizi möhkəmləndirdi. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir, Ermənistanın işğalçılıq siyasətinin hüquqi və siyasi mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Lakin uzun illər davam edən vasitəçilik səyləri nəticəsiz qaldı, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin həllinə real töhfə vermədi. “Dondurulmuş münaqişə” yanaşması işğalın davam etməsinə şərait yaratdı".
Deputat bildirdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı: "Beləliklə, xalqımızın onilliklər boyu gözlədiyi tarixi mübarizənin həlledici mərhələsi başlandı.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın azadlığı uğrunda başlanan mübarizə böyük Zəfərlə nəticələndi. Azərbaycan əsgər və zabitləri “Öldü var, döndü yoxdur!” əzmi ilə döyüşərək misilsiz qəhrəmanlıq göstərdilər. Şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və hərbçilərimizin rəşadəti Qələbənin əsasını təşkil etdi.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən həlledici hərbi-strateji hadisə oldu. Mürəkkəb relyef şəraitində həyata keçirilən bu əməliyyat Azərbaycan əsgərinin peşəkarlığının və qəhrəmanlığının parlaq nümunəsinə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan cəmi 44 gün ərzində özünün hərbi-siyasi qüdrətini təsdiqləyərək regionda yeni reallıqlar yaratdı.
Vətən müharibəsi XXI əsrin müasir müharibə modelinə də mühüm yeniliklər gətirdi. Pilotsuz uçuş aparatlarından, yüksək dəqiqlikli silah sistemlərindən və çevik döyüş taktikasından kompleks istifadə Azərbaycan Ordusunun üstünlüyünü təmin etdi. Ordumuzun döyüş təcrübəsi və tətbiq etdiyi hərbi strategiya bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi dairələrində və hərbi təhsil müəssisələrində öyrənilir".
Siyavuş Novruzov qeyd edib ki, qələbənin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi və diplomatik fəaliyyəti də mühüm rol oynadı: "Müharibə dövründə dövlət başçısının yerli və xarici media nümayəndələrinə verdiyi müsahibələr, beynəlxalq televiziya kanallarına açıqlamaları və xalqa müraciətləri böyük ictimai rəğbətlə qarşılandı. Onun tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan çıxışları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, xalqımızın qələbə əzminin güclənməsinə xidmət etdi. Beləliklə, döyüş meydanında qazanılan üstünlük diplomatik müstəvidə də möhkəmləndirildi.
Vətən müharibəsi ölkəmizdə milli birlik və siyasi həmrəyliyi daha da gücləndirdi. Siyasi baxışlarından asılı olmayaraq, xalqımız Vətən uğrunda vahid amal ətrafında birləşdi. Siyasi rəqabətdən üstün olan milli maraqların müdafiəsi, dövlətə və Vətənə bağlılıq ümumi mövqeyə çevrildi. “Dəmir yumruq” bu birliyin, həmrəyliyin və milli gücün rəmzi kimi tarixə düşdü.
2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın konstitusiya quruluşu bərpa edildi, dövlət suverenliyi ölkəmizin bütün ərazisində təmin olundu. Bununla da müstəqillik tariximizin mühüm strateji məqsədi reallaşdı.
Zəfərin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Zəfər Günü elan edildi, 2020-ci il dekabrın 10-da Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Hərbi Qənimətlər Parkı, Zəfər parkı və muzeyinin yaradılması qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiyanın elan edilməsi dövlətin humanizm siyasətinin təzahürü oldu. 2024-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətini təsdiqlədi".
Deputat əlavə edib ki, müharibədən sonrakı dövrdə Azərbaycan regionda davamlı sülhün təmin olunması və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində prinsipial siyasət yürüdür: "2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar, sülh sazişinin mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması bu prosesdə mühüm tarixi mərhələ oldu. Bu nəticələr Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun və regionda sülh perspektivlərinin genişlənməsinin göstəricisidir.
Zəfərdən sonra ölkəmiz tarixinin yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı uğurla davam etdirilir. Eyni zamanda, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın əsasını təşkil edir.
Dövlətin xüsusi diqqət və qayğısı şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına münasibətdə də ardıcıl xarakter daşıyır. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillərlə təmin olunması, məşğulluq imkanlarının artırılması, tibbi və sosial reabilitasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu siyasət Vətən uğrunda xidmət göstərmiş insanlara dövlətin və cəmiyyətin ehtiramının, onların fədakarlığına verilən yüksək qiymətin ifadəsidir.
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsidir. Bu Qələbə illərlə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, qüdrətli ordunun, milli birliyin və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsidir.
Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yazılan Zəfər salnaməsi xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün Vətənə sədaqətin və milli birliyin ən parlaq nümunəsi olacaqdır".