BAKI, 17 sentyabr. TELEQRAF

Dövlət müəssisələrinin büdcədənkənar vəsaitlərlə apardığı bəzi satınalmalar üçün ayrıca qaydalar müəyyənləşdirilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və həmin orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilməyəcək.

Qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir.

İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.

Qanunun 3.2.8-ci maddəsinə edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcəkdir. Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.

Beləliklə, layihə müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyən edilməsini, eyni zamanda həmin satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini nəzərdə tutur.