BAKI, 17 sentyabr. TELEQRAF

“Telekommunikasiya haqqında” qanuna dəyişiklik təklif edilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu müəyyən edir.

Qeyd olunan müddəada işlədilən “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq “keyfiyyət göstəriciləri” anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.

Təklif olunan dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsinə və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir.