BAKI, 16 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyevin sentyabrın 15-də dini liderlərlə görüşündə səsləndirdiyi fikirlər, hesab edirəm ki, bu gün dünyada baş verən proseslərə çox ciddi mesajdır".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan olaraq biz beynəlxalq münasibətlər sistemində ikili standartların nə demək olduğunu öz təcrübəmizdən çox yaxşı bilirik: "Torpaqlarımız 30 il işğal altında qaldı. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, tarixi və dini abidələrimiz məhv edildi. Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edildi, amma illərlə həmin qətnamələrin icrası təmin olunmadı.

Azərbaycan uzun müddət problemin sülh yolu ilə həllinə çalışdı. Lakin nəticə olmadıqda xalqımız öz gücünə arxalandı və ərazi bütövlüyümüzü, daha sonra isə suverenliyimizi bərpa etdik.

Bu gün isə dünyada müxtəlif münaqişələrə münasibətdə fərqli yanaşmaların olduğunu görürük. Təbii olaraq sual yaranır: beynəlxalq hüquq niyə bütün dövlətlərə eyni meyarlarla tətbiq edilmir? Azərbaycan işğalla üzləşəndə niyə eyni səviyyədə həmrəylik və siyasi iradə nümayiş etdirilmədi?

Prezidentin çıxışında islamofobiya məsələsinə toxunulması da təsadüfi deyil. Bu gün müsəlman dünyasının qarşısında ciddi çağırışlar var. İslam ölkələri bu çağırışlar qarşısında daha həmrəy, daha koordinasiyalı və daha prinsipial mövqe ortaya qoymalıdırlar.
Azərbaycan bu məsələdə yalnız danışmır, konkret addımlar da atır. Türk Dövlətləri Təşkilatında fəaliyyətimiz, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlığımız, beynəlxalq dini və mədəni tədbirlərə ev sahibliyi etməyimiz İslam dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyimiz real töhfələrdir".

Deputat qeyd edib ki, biz Qarabağda dini və mədəni irsimizə qarşı törədilmiş dağıntıları da unutmuruq: "Məscidlərin dağıdılması, dini abidələrin təhqir edilməsi bizim üçün sadəcə tarixi fakt deyil. Bu, xalqımızın yaddaşında yaşayan ağrılı bir həqiqətdir. Biz bunları unutmamalıyıq və gələcək nəsillərə də çatdırmalıyıq.

Amma burada çox mühüm bir məqam var: Azərbaycanın yaddaşında olan bu faciələr ölkəmizin sülh siyasətinə mane olmur. Əksinə, Azərbaycan bu gün regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır.

Biz keçmişimizi unutmuruq, amma gələcəyimizi də müharibələrlə deyil, sülhlə qurmaq istəyirik.

Hesab edirəm ki, Prezident İlham Əliyevin əsas mesajlarından biri də budur: İslam dünyası öz problemlərinə biganə qalmamalı, həmrəylik konkret fəaliyyətə çevrilməlidir. Çünki dünyada ədalətin, qarşılıqlı hörmətin və beynəlxalq hüququn həqiqətən də universal prinsipə çevrilməsi üçün müsəlman ölkələrinin daha sıx əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.

Azərbaycan isə bu istiqamətdə həm siyasi təşəbbüsləri, həm də praktiki fəaliyyəti ilə öz mövqeyini ortaya qoyur".