BAKI, 10 iyul. TELEQRAF
“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi balıqçılıq sahəsində münasibətlərin vahid hüquqi çərçivədə tənzimlənməsi və bu sahədə dövlət idarəetməsinin müasir prinsiplər əsasında formalaşdırılması baxımından müsbət qiymətləndirilməlidir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vasif Qafarov deyib.
O qeyd edib ki, layihədə balıqçılıq fəaliyyətinin rəqəmsallaşdırılması, elektron uçot sisteminin yaradılması, kvota mexanizminin tətbiqi, dövlət nəzarətinin gücləndirilməsi, balıq ehtiyatlarının artırılması və mühafizəsinə yönəlmiş tədbirlərin hüquqi əsaslarının müəyyən edilməsi bu sahənin inkişafı üçün mühüm normativ baza formalaşdırır:
"Eyni zamanda, layihə beynəlxalq təcrübədə qəbul edilmiş dayanıqlı balıqçılıq prinsiplərinin və ekoloji təhlükəsizlik tələblərinin milli qanunvericiliyə inteqrasiyası baxımından da müsbət qiymətləndirilməlidir.
Bununla yanaşı, layihənin tətbiqi zamanı hüquqi müəyyənliyin təmin olunması, normativ tənzimləmənin daha səmərəli həyata keçirilməsi və gələcəkdə yarana biləcək hüquqi mübahisələrin minimuma endirilməsi məqsədilə bir sıra müddəaların təkmilləşdirilməsi də məqsədəuyğun olardı.
Layihədə balıqçılıq sahəsində informasiya sisteminin yaradılması nəzərdə tutulsa da, həmin sistemin hüquqi statusu, digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası, məlumatların emalı, saxlanılması və mübadiləsinin hüquqi əsasları kifayət qədər əhatə edilməmişdir.
Hesab edirəm ki, elektron idarəetmənin səmərəliliyinin təmin olunması məqsədilə balıqovlama biletlərinin, kvotaların, akvakultura qeydiyyatının, balıqçı gəmilərinin izlənməsi üzrə məlumatların və digər inzibati prosedurların tam elektron qaydada həyata keçirilməsi, eyni zamanda sistemin aidiyyəti dövlət informasiya ehtiyatları ilə inteqrasiyası qanun səviyyəsində daha dəqiq müəyyən edilməlidir. Bu yanaşma inzibati prosedurların sadələşdirilməsinə, şəffaflığın artırılmasına və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edəcəkdir.
Həmçinin, layihədə iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsiri ayrıca tənzimləmə predmeti kimi nəzərdə tutulmamışdır. Halbuki qlobal iqlim dəyişiklikləri su ekosistemlərinin vəziyyətinə, balıq populyasiyalarının dinamikasına və bioloji müxtəlifliyə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu baxımdan aidiyyəti dövlət orqanı tərəfindən dövri elmi qiymətləndirmələrin aparılması, iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsirinin qiymətləndirilməsi və balıq ovu kvotalarının həmin nəticələr nəzərə alınmaqla yenidən müəyyən edilməsi barədə ayrıca hüquqi mexanizmin layihədə təsbit olunması, hesab edirəm ki, məqsədəuyğun olardı”.
Vasif Qafarov bildirib ki, layihədə balıq ovu kvotalarının müəyyən olunması öz əksini tapsa da, kvotaların bölüşdürülməsi zamanı tətbiq ediləcək meyarlar, qərarların qəbul edilmə proseduru və şəffaflıq mexanizmləri kifayət qədər konkret müəyyən edilməmişdir:
“Bu isə gələcəkdə subyektiv yanaşmalara və korrupsiya risklərinə səbəb ola bilər. Bu baxımdan kvotaların açıq elektron müsabiqə əsasında bölüşdürülməsi, qiymətləndirmə meyarlarının əvvəlcədən elan edilməsi, qəbul edilən qərarların ictimaiyyət üçün əlçatan olması və həmin qərarlardan inzibati qaydada şikayət verilməsi imkanlarının qanun səviyyəsində müəyyən olunması daha məqsədəuyğun olardı.
Ümumilikdə, qanun layihəsini konseptual yanaşmasına, hüquqi strukturuna və tənzimləmə predmetinə görə müasir, sistemli və gələcəyə hesablanmış normativ hüquqi akt kimi qiymətləndirirəm.
Layihədə əks olunan müddəalar balıqçılıq sahəsinin inkişafı üçün möhkəm hüquqi baza yaradır. Qeyd olunan təkliflərin nəzərə alınması da, hesab edirəm ki, layihənin hüquqi keyfiyyətini, tətbiq səmərəliliyini və normativ dayanıqlığını əhəmiyyətli dərəcədə yüksəldəcəkdir".