BAKI, 5 iyun. TELEQRAF
"Bu günlərdə Azərbaycan futbolunda böyük bir qalmaqal baş verdi. Bir iş adamı gedib Turan Tovuz klubunu götürür, milyonlarla vəsait xərcləyir, komandanı Avropa kuboklarına daşıyır, üçüncü yerə çıxarır. Sonra məlum olur ki, bu komanda 10 il ərzində Avropa yarışlarında iştirak edə bilməz. Çünki əvvəlcədən tətbiq olunmuş hansısa cəza var imiş. Həmin cəza ilə bağlı da kluba əvvəlcədən, mətbuatda yazıldığı kimi, heç bir məlumat verilməyib".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu özü korrupsiyanın bir təzahürüdür. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 2.1.8-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət qurumlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya hüquqpozmalarının subyekti hesab oluna bilərlər.
Belə bir vəziyyətdə bu cür əməlin hansı nəticələr doğurduğunu qeyd etmək istəyirəm. Bundan sonra hansı iş adamı milyonlarla vəsait xərcləyərək bölgədə bir komandanı dirçəltmək, orada idman həyatını canlandırmaq istəyəcək? Kim belə riskə gedəcək?
Ona görə də biz bu məsələlərə kiçik epizodlar kimi baxmamalıyıq. Dünən Azərbaycan mini futbol üzrə milli komandası ikinci dəfə Avropa çempionu oldu. Bundan əvvəl də dünya çempionu olmuşdu. Bəs deyirdilər ki, Azərbaycan futbol ölkəsi deyil və buna görə uğur qazana bilmirik? Deməli, qabiliyyətli insanlar iş başında olanda komanda Avropada da, dünyada da birinci yeri tutur".
Deputata deyib ki, korrupsiyanın nəticələri uzun illər ərzində xərclənən vəsaitlərin səmərəsini necə azaltdığını təsəvvür etmək çətin deyil: "Kiçik bir faktı qeyd etmək istəyirəm. Özbəkistanın 60 legioner futbolçusu xaricdə oynayır. Gürcüstanın 120, Ermənistanın isə 40 futbolçusu xarici klublarda çıxış edir və hamısı ölkəyə valyuta gətirir. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə, özü də orta və aşağı səviyyəli klublarda oynayır.
Halbuki bu, həm ölkəyə pul gətirmək, həm də ölkənin nüfuzunu artırmaq deməkdir. O baxımdan hesab edirəm ki, korrupsiyaya yalnız dövlət qurumlarında baş verən hansısa epizodik hallar kimi baxmaq olmaz. Bəzən adi görünən bir məlumatın verilməməsi və ya xəbərdarlığın edilməməsi təkcə bir futbol klubunun taleyini həll etmir, bütövlükdə idmanın taleyinə təsir göstərir.
Bu səbəbdən də hesab edirəm ki, məsuliyyət məsələsinə daha çox diqqət yetirilməlidir. Gələcəkdə bu istiqamətdə hansısa dəyişikliklər ediləcəksə, onları elə həyata keçirməliyik ki, insanlar hər hansı sahəyə diqqət ayıranda, onu inkişaf etdirmək istəyəndə, ölkənin nüfuzuna töhfə verməyə çalışanda sonradan peşman olmasınlar və bugünkü kimi çətin vəziyyətlə üzləşməsinlər".