BAKI, 3 iyun. TELEQRAF
"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı müasir Azərbaycanın qlobal geosiyasətdə və iqtisadiyyatda oynadığı həlledici rolu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Möhtərəm cənab Prezidentin çıxışı beynəlxalq əməkdaşlıqda milli maraqlara, qarşılıqlı hörmətə və praqmatik siyasətə əsaslanan baxışın ifadəsidir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında 1994-cü ilin reallıqları ilə bugünkü uğurları müqayisə edərək ölkəmizin keçdiyi möhtəşəm inkişaf yolunu xatırlatdı: "Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji strategiyasının bünövrəsi oldu.
1990-cı illərin əvvəllərində torpaqlarının 20%-i işğal altında olan, adambaşına düşən qaçqın sayına görə dünyada ilk sıralarda qərarlaşan, yoxsulluq səviyyəsi 50%-dən yuxarı olan və enerjini idxal edən bir ölkədən bu gün xarici borcu ÜDM-in cəmi 6%-ni təşkil edən, yoxsulluğu 5%-ə endirən və strateji valyuta ehtiyatları xarici borcunu 18 dəfədən çox üstələyən qüdrətli bir dövlətə çevrilmişik. Ölkəmizin təbii sərvətlərdən milli maraqlara söykənərək düzgün və şəffaf istifadə edilməsi dünyanın ən bariz və nümunəvi modelidir.
Amerika Prezidenti Trampın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları nəzakətli məktublar Bakı Enerji Həftəsinin dünya miqyasında çəkisini göstərir.
Cənub Qaz Dəhlizi (TANAP və TAP) bu gün qlobal enerji təhlükəsizliyinin onurğa sütununa çevrilib. Ötən il Bakıdan qaz alan ölkələrin sayı 12 idisə, hazırda bu rəqəm 16-ya yüksəlib və onlardan 10-u Avropa İttifaqının üzvüdür".

Deputat qeyd edib ki, SOCAR-ın Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Avropadakı fəaliyyəti iqtisadi şaxələndirmənin ən yüksək zirvəsidir: "Eyni zamanda, Mərkəzi Asiya neft və qazı üçün təqdim etdiyimiz etibarlı tranzit imkanları Azərbaycanı Avrasiyanın əvəzedilməz logistik qovşağına çevirir.
Mövcud qaz ehtiyatlarımızın növbəti 100 il üçün kifayət etməsinə rəğmən, Azərbaycanın yaşıl enerjiyə rəhbərlik etməsi bizim qlobal məsuliyyətimizin göstəricisidir. Növbəti ilin sonunadək günəş və külək enerjisi üzrə gücümüzün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması hədəfi, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji potensialının işə salınması ölkəmizin yaşıl transformasiya sürətini sübut edir.
"Qara dəniz Enerji Kabeli" və Mərkəzi Asiyadan uzanacaq yaşıl enerji xətləri bütöv bir qitəni birləşdirəcək. Bu kontekstdə, ötən il 8 avqust 2025-ci il tarixində Ağ Evdə ABŞ Prezidenti, Möhtərəm cənab Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri tərəfindən imzalanmış sənədə əsasən inşa ediləcək Zəngəzur dəhlizi Şərq-Qərb marşrutunun ən mühüm qolu olmaqla, regiona sülh, rifah və yeni nəqliyyat dinamikası gətirəcəkdir.
Dövlət başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan müdrik və müstəqil xarici və daxili siyasət Azərbaycanı həm döyüş meydanında, həm də qlobal iqtisadi masada rəqibsiz liderə çevirmişdir. Bakı Enerji Həftəsi çərçivəsində əldə olunan nəticələr və imzalanacaq yeni müqavilələr dövlətimizin qüdrətini daha da artıracaqdır".