BAKI, 4 iyun. TELEQRAF

Bu layihə avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin edilməsi məqsədilə hazırlanmışdır və nəqliyyat sahəsinin tənzimlənməsi üzrə qüvvədə olan aşağıdakı yeddi qanuna dəyişiklik edilməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gümn keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bununla Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının qanunu, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunu öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapmışdır.

Layihə ilə nəzərdə tutulan əsas yeniliklər aşağıdakılardır:

- müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;

- hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;

- bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.

Operatorların fəaliyyətinin tənzimlənməsi və öhdəlikləri isə aşağıdakılardır:

• sertifikatlaşdırma – fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir;

• dövlət rüsumu – operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur;

• məlumatların idarəolunması - məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir;

• məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir.

İdarəetmə, təhlükəsizlik və məsuliyyət mexanizmləri isə bu cür olacaq:

• sınaq və hərəkət mühiti: Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur;

• məsuliyyət bölgüsü: Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir.

Yol hərəkəti infrastrukturu və məhdudlaşdırılmış dövriyyəsi isə belədir:

• Xüsusi nişan: Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq edilir;

• Dövriyyənin məhdudlaşdırılması: Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.