BAKI, 27 aprel. TELEQRAF

"2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında deputat Aydın Hüseynov deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən gələn qonaqların Bakıda toplaşması ölkəmizin siyasi və diplomatik mövqeyinin gücləndiyini göstərir:
"Eyni zamanda, bu tədbir şəhərsalma sahəsində əldə etdiyimiz uğurların nəticəsidir. Son illərdə ölkəmizdə müasir şəhərlər salınıb, infrastruktur yenilənib, yeni yaşayış sahələri və “ağıllı şəhər” layihələri həyata keçirilib. Bu təcrübə artıq beynəlxalq səviyyədə də maraq doğurur".

Deputat bildirib ki, bu uğurlarda Azərbaycan Prezidentinin rolu böyükdür:

"Onun rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılıb, şəhərlərimiz yenilənib və inkişaf edib. Bu siyasət Azərbaycanın həm daxildə, həm də beynəlxalq arenada mövqeyini gücləndirib.

Forumun ölkəmizdə keçirilməsi bizə yeni imkanlar yaradacaq. Yeni əməkdaşlıqlar qurulacaq, investisiyalar cəlb olunacaq, təcrübə mübadiləsi aparılacaq. Bu isə gələcəkdə şəhərlərimizin daha da inkişaf etməsinə kömək edəcək.

Sonda qeyd etmək istərdim ki, bu forum Azərbaycanın inkişaf yolunda daha bir mühüm addımdır".