BAKI, 27 aprel. TELEQRAF

"Bu gün müzakirə etdiyimiz Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi məsələsi ölkəmizdə demokratik institutların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Seçki sistemi hər bir dövlətin siyasi sabitliyinin, dövlətin xalqın iradəsinə əsaslanan və qanuni şəkildə formalaşmasını təmin edən əsas mexanizmdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Günay Ağamalı deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası seçki prosesinin şəffaf, ədalətli və qanunvericiliyə uyğun keçirilməsini təmin edən əsas qurumdur: "Komissiyanın tərkibinin müəyyənləşdirilməsi dövlətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan strateji məsələdir.
Təklif olunan namizədlərin peşəkarlığı, təcrübəsi və dövlətə sədaqəti onların sözügedən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyinə əsas verir.

Azərbaycan dövləti hər zaman seçki institutlarının təkmilləşdirilməsinə, seçki prosesinin daha şəffaf keçirilməsinə xüsusi önəm verib. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində seçki mühiti daha da müasirləşdirilmiş, texnoloji imkanlar genişləndirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu gün Azərbaycan müasir və etibarlı seçki sisteminə malik ölkədir.
Xüsusilə qeyd etmək istərdim ki, seçki sistemlərinə etimad bu sistemi idarə edən insanların peşəkarlığı və obyektivliyi ilə birbaşa bağlıdır. Bu baxımdan Mərkəzi Seçki Komissiyasının tərkibində təmsil olunacaq şəxslərin yüksək məsuliyyət hissi ilə fəaliyyət göstərəcəklərinə əminliyimi ifadə edirəm".

Deputat bildirib ki, bu gün regionda və dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın daxili sabitliyinin qorunması, milli maraqlarımızın təmin olunması və siyasi sistemimizin dayanıqlılığı xüsusi əhəmiyyət daşıyır və bu sabitliyin memarı Möhtərəm cənab Prezident İlham Əliyevdir: "Seçki institutlarının güclü və etibarlı olması sabitliyin əsas təminatlarındandır. Komissiyanın tərkibinin formalaşdırılması eyni zamanda dövlətimizin demokratik inkişafına, hüquqi dövlət quruculuğuna və milli maraqların qorunmasına verilən növbəti töhfədir".