BAKI, 27 aprel. TELEQRAF

Milli Məclis Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişini ratifikasiya edib.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Saziş”in əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyət üzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasında əsas münasibətləri tənzimləməkdir.

Saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir.

Sazişin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və bir sıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir.

Sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri), onun saxlanması xərcləri, kommunal xərclər, təhlükəsizlik, sanitar tələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivin toxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətin immunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləri tənzimləyir.

“Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.