BAKI, 25 aprel. TELEQRAF
"Azərbaycan–Ukrayna əlaqələri humanitar sahədə güclənərək əməkdaşlıq səviyyəsinə yüksəlib. Yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsindən və keçdiyi tarixi təcrübədən irəli gəlir. Uzun illər müharibə ilə üzləşən Azərbaycan münaqişələrin insan talelərinə vurduğu zərbəni yaşamışdır. Bu səbəbdən ölkəmiz üçün humanitar dəstək prioritet istiqamətlərdəndir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
Onun sözlərinə görə, Azərbaycanın humanitar siyasəti konkret layihələrdə öz əksini tapır: "Ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması mühüm addımdır. Müharibənin ən ağır psixoloji yükünü məhz uşaqlar daşıyır və Azərbaycan sözügedən sahədə qazandığı təcrübəni bölüşərək onların sosial və psixoloji bərpasına töhfə verir. Yaxın perspektivdə ukraynalı tələbələrin də bu cür proqramlara cəlb olunması nəzərdə tutulur ki, bu da humanitar əməkdaşlığın davamlı xarakter aldığını göstərir.
Digər mühüm istiqamət Azərbaycanın enerji sahəsində göstərdiyi dəstəkdir. Ukraynada enerji infrastrukturunun zərər görməsi nəticəsində mülki əhali, xüsusilə xəstəxanalar ciddi çətinliklərlə üzləşir. Azərbaycanın göndərdiyi elektrik generatorları bu baxımdan humanitar məqsəd daşıyır və insanların gündəlik həyatına önəmli dəstək verir. Bununla yanaşı, insanlararası əlaqələr də xüsusi önəm daşıyır. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında körpü rolunu oynayır və münasibətlərin davamlılığını təmin edən mühüm faktorlardandır".

Deputat qeyd edib ki, Azərbaycan eyni zamanda mina təhlükəsi ilə mübarizədə də böyük təcrübəyə malikdir: "Bu sahədə Ukraynaya təcrübə paylaşımı gələcək əməkdaşlığın istiqamətlərindən ola bilər.
Bütün bunlarla, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın unikal təcrübəsini formalaşdırıb və bu təcrübə Ukrayna üçün önəmli olacaq.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkə başçımızın təşəbbüsləri ilə humanitar diplomatiya ölkəmizin xarici siyasətində mühüm yer tutur, münaqişələrdən zərər çəkmiş xalqlara dəstək göstərilməsi dövlətimizin prinsipial mövqeyini əks etdirir. Sözügedən yanaşma Azərbaycan–Ukrayna münasibətlərində də göz önündədir.
Azərbaycanın mövqeyi siyasi müstəvidə də dəyişməzdir. Azərbaycan müstəqil dövlət kimi öz xarici siyasətini milli maraqlar əsasında qurur. Biz bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir və bu prinsiplər pozulduqda təhlükəsizlikdən və davamlı sülhdən danışmaq mümkünsüzdür".
Günay Ağamalı hesab edir ki, Azərbaycan Rusiya–Ukrayna münaqişəsinin həllini dialoq və qarşılıqlı anlaşma yolu ilə mümkün hesab edir: "İqtisadi sahədə əməkdaşlıq üçün əsaslı potensial mövcuddur. Enerji sektoru bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. SOCAR-ın Ukraynada fəaliyyəti və yanacaqdoldurma şəbəkəsi iki ölkə arasında iqtisadi əlaqələrin dərinliyindən xəbər verir.
Bütövlükdə, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanaraq inkişaf edir. Azərbaycan hər zaman dost ölkələr arasında əməkdaşlığın genişlənməsi istiqamətində öz töhfəsini verir".