BAKI, 23 aprel. TELEQRAF

“Latviyanın Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında ikitərəfli münasibətlərin arxitekturasında keyfiyyət dəyişikliklərinin mühüm göstəricisidir. Bu gün Azərbaycan və Latviya Baltikyanı region və Cənubi Qafqaz arasında strateji yaxınlaşma inkişaf etdirir, dəyişən geosiyasi reallıqda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regionlararası əlaqənin yeni səviyyəsini qurur”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, rəsmi bəyanatlardan da aydın oldu ki, söhbət sadəcə əlaqələrin saxlanmasından deyil, onların yeni səviyyəyə qaldırılmasından gedir: “Qeyd etmək lazımdır ki, Azərbaycan və Latviya arasında diplomatik münasibətlər 1994-cü ildə, hər iki ölkənin müstəqilliyini bərpa etməsindən qısa müddət sonra qurulub.

Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi təməl rolunu oynayır. Bu, hər iki ölkənin yüksək səviyyədə işləməsinə və lazımsız gecikmələr olmadan əməkdaşlığı genişləndirməsinə imkan verən hüquqi çərçivə yaratmışdır. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Cənubi Qafqazın artan geosiyasi əhəmiyyəti Bakını Baltik ölkələri də daxil olmaqla Aİ ölkələri üçün mühüm tərəfdaşa çevirmişdir.

Azərbaycan-Latviya münasibətlərinin indiki mərhələsi praqmatizm üzərində qurulur. Tərəflər konkret faydalara – ticarətə, logistika imkanlarına, təhlükəsizliyə və kənd təsərrüfatına fokuslanır. Qlobal sistemin transformasiyası fonunda məhz belə praqmatik tərəfdaşlıqlar daha dayanıqlı olur. Azərbaycan Baltik regionunda mövqelərini gücləndirməklə xarici siyasət və iqtisadi əlaqələrini şaxələndirir.

Səfər çərçivəsində investisiya perspektivlərinin və birgə layihələrin müzakirə olunduğu biznes forumu da xüsusi əhəmiyyət kəsb edir”.

Hicran Hüseynova bildirib ki, Azərbaycan uzun müddətdir Avropa üçün mühüm enerji tərəfdaşı olub və bu rol getdikcə daha da güclənir: “Bu gün o, qaz ixrac edir və yaşıl enerji bazarına böyük bir girişə hazırlaşır. 2032-ci ilə qədər ölkə 8 gigavatt günəş, külək və su elektrik stansiyası istehsal gücünü istismara verməyi planlaşdırır. Bu, qlobal tələbatın xüsusilə yüksək olduğu bir vaxtda ixrac üçün əhəmiyyətli miqdarda təbii qaza qənaət deməkdir. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayının nəzərə alsaq (onların sayı 16 ölkədir), Avropa İttifaqının 62,5 %-i Azərbaycandan təbii qaz aldığını görərik.

Dövlət başçımızın mətbuata verdiyi bəyanatda mühüm məsələlərdən biri də iki ölkə prezidentlərinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etməsi ilə əlaqədar idi. Hazırda dünyada baş verən geosiyasi və hərbi proseslər fonunda əsas prioritetlərdən biri sülh və təhlükəsizliyin, rifahın təmin olunması üçün göstərilən səylərdir.

Beləliklə, beynəlxalq və regional arxitekturanın transformasiyası fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı, Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı və Cənubi Qafqazda sabitlik amilidir. Azərbaycan üçün isə Baltik ölkələri Şimali Avropa və Skandinaviya məkanına çıxış imkanı, həmçinin Aİ daxilində müəyyən istiqamətlər üzrə tərəfdaş deməkdir. Bütün bunların fonunda əsas nəticə aydındır: Azərbaycan sadəcə əlaqələrin coğrafiyasını genişləndirmir, eyni zamanda Baltik regionunun getdikcə daha mühüm yer tutduğu keyfiyyətcə yeni beynəlxalq münasibətlər sistemi formalaşdırır.