BAKI, 23 aprel. TELEQRAF

"Bu gün burada “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxış etmək mənim üçün böyük şərəfdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin bütün sahələrində olduğu kimi, yerli idarəetmə və demokratik institutların formalaşmasında da mühüm rol oynayıb. Xüsusilə müstəqilliyimizin ilk illərində dövlət quruculuğu prosesində qarşıya qoyulan əsas məqsədlərdən biri güclü və səmərəli yerli idarəetmə sisteminin yaradılması olub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda deputat Vasif Qafarov deyib.

O qeyd edib ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası yerli özünüidarəetmənin hüquqi əsaslarını müəyyən edərək bələdiyyələrin yaradılması üçün fundamental baza rolunu oynadı: "1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirilməsi isə ölkəmizdə yerli demokratiyanın və özünüidarəetmənin inkişafında dönüş nöqtəsinə çevrilərək vətəndaşların yerli səviyyədə idarəetmədə iştirakına real imkan yaratdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunvericilik aktları bu institutun fəaliyyət mexanizmini formalaşdırdı, eyni zamanda regionların sosial-iqtisadi inkişafına yönələn siyasətin əsasını qoyaraq yerli icmaların güclənməsinə və ölkənin balanslı inkişafına zəmin yaratdı.

Bu dövrdə bələdiyyələrin maliyyə müstəqilliyinin təmin olunması istiqamətində ilkin addımlar atıldı, yerli büdcələrin formalaşdırılması mexanizmləri yaradıldı və yerli səviyyədə sosial məsələlərin həlli üçün institusional imkanlar genişləndirildi.

Bugünkü mərhələdə isə bələdiyyə idarəçiliyinin daha da inkişaf etdirilməsi üçün bir sıra mühüm istiqamətlər aktuallıq kəsb edir. Belə ki, ilk növbədə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi, yerli vergi və rüsumların toplanmasının səmərəliliyinin artırılması və dövlət dəstəyinin daha şəffaf mexanizmlərlə həyata keçirilməsi vacibdir".

Deputat bildirib ki, eyni zamanda, rəqəmsal idarəetmənin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və “ağıllı idarəetmə” sistemlərinin qurulması vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edəcək: "Bununla yanaşı, yerli idarəetmə orqanlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin artırılması üçün davamlı təlim proqramlarının təşkili, eləcə də vətəndaşların qərar qəbuletmə prosesində iştirakının gücləndirilməsi məqsədilə ictimai dinləmələrin və yerli təşəbbüslərin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Həmçinin, bələdiyyələr ilə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha aydın müəyyən edilməsi və koordinasiyanın gücləndirilməsi, eləcə də regional inkişaf layihələrində bələdiyyələrin rolunun artırılması bu sahədə səmərəliliyin yüksəldilməsinə töhfə verəcəkdir.
Qeyd edim ki, Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafı sahəsində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də uğurla davam etdirilir və yerli özünüidarəetmə institutlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır”.