BAKI, 23 aprel. TELEQRAF

"Regionların inkişafı ilə bağlı həyata keçirilən siyasət mərhələli şəkildə balanslı iqtisadi inkişafın daha da güclənməsinə gətirib çıxarmışdır. Belə ki, son illər iqtisadiyyatın regional diversifikasiyası meyilləri daha güclənmişdir. Bu makro-iqtisadi göstəricilər də əks olunmaqdadır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7 milyard manatı, yəni 44.0 faizi regionların payına düşür: "Hazırda regionlarda 33 milyard manatdan çox ÜDM formalaşır. Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu artıq regionlarda yerləşib ki, bu da daxili turizmin inkişafı baxımından vacibdir".

Deputat bildirib ki, 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər olub: "Onun 792 min 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət göstərirlər. Bu, o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayn əhalinin illik gəlirləri isə 32 milyard manatdan çox olub.

Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlığı təmin etmiş və Bakı ilə bölgələr arasında fərqin mərhələli şəkildə azalmasına səbəb olmaqdadır”.