BAKI, 23 aprel. TELEQRAF
"Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranması, o cümlədən yerli özünüidarəetmənin, vətəndaş cəmiyyətinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləridir. Məhz onun rəhbərliyi dövründə qəbul edilmiş Konstitusiyada yerli özünüidarəetmənin əsasları təsbit edildi, bələdiyyələrin hüquqi statusunun müəyyən olunması üçün zəruri siyasi və hüquqi zəmin yaradıldı. Sonrakı mərhələdə bu istiqamətdə qanunvericilik bazası formalaşdırıldı və ölkəmizdə bələdiyyə sistemi fəaliyyətə başladı".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.
O qeyd edib ki, Heydər Əliyevin yerli özünüidarəetmə ilə bağlı yanaşması olduqca aydın idi: "Bu gün biz həmin siyasi xəttin davamını görürük. Bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə ilə bağlı Ümumilli Lider Heydər Əliyevin strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, səmərəliliyin artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının fərman və sərəncamları ilə təsdiq olunan çoxsaylı dövlət proqramlarında, Milli Fəaliyyət Planlarında və s. yerli özünüidarəetmənin təkmilləşməsinə yönəlmiş mühüm tapşırıqlar nəzərdə tutularaq icra olunur. Bütün bunlar bələdiyyə institutunun cəmiyyətin idarə olunmasında rolunun artırılmasını şərtləndirir. Artıq bələdiyyələrdən gözlənti yalnız mövcud olmaq deyil, peşəkar və şəffaf fəaliyyət göstərməkdir. Müasir mərhələdə bələdiyyələrin fəaliyyəti daha çox nəticəyönümlülük, hesabatlılıq və yerli ehtiyaclara çevik cavab vermək meyarları ilə qiymətləndirilir.
Bu prosesdə Ədliyyə Nazirliyinin üzərinə də mühüm vəzifələr qoyulub. Nazirlik tərəfindən mütəmadi olaraq yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən onları yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində təhlillər edilir, ümumiləşdirmələr aparılır və nəticələrinə uyğun olaraq bələdiyyələrlə metodoloji iş təşkil olunur, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq qanun layihələri hazırlanır. Burada əsas məqsəd bələdiyyələrin hüquqi cəhətdən düzgün fəaliyyət göstərməsinə yardım etmək, yerli idarəetmədə qanunçuluğu, şəffaflığı və peşəkarlığı möhkəmləndirməkdir.
Ötən il bələdiyyələrin birləşməsi və bələdiyyə seçkilərinin keçirilməsi ilə yerli özünüidarəetmə sahəsində inkişafın yeni mərhələsinə start verilib. Bu islahatların davamı olaraq cari ildə də onların daha dayanıqlı, səmərəli və geniş imkanlara malik model əsasında formalaşdırılmasına yönələn tədbirlər görülməkdədir".
Elmin Həsənov bildirib ki, baxımdan bələdiyyələrlə aparılan metodoloji işdə əsas hədəf onların yerli əhəmiyyətli məsələlərin, yerli sakinləri narahat edən problemlərin həllində iştiraklarının genişlənməsinə, nəticə etibarı ilə insanların məmnunluğuna və dövlətin yerli xarakterli problemlərin həlli ilə məşğul olma qayğılarından xilas olmasına nail olmaqdan ibarətdir: "Məlumdur ki, bu hədəfə çatmaq bilavasitə bələdiyyələrin maliyyə imkanlarından asılıdır. Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, görülmüş ardıcıl tədbirlərin nəticəsində ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçmişdir. Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb.
Həmçinin bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və bələdiyyələrin vahid informasiya sisteminin qanunvericiliklə dövlət informasiya sistemi kimi müəyyənləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması baxımından çox mühüm addım olub.
“Şəhərsalma və memarlıq ili” çərçivəsində “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər barədə" metodik tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmiş və eyni mövzuda respublika üzrə fəaliyyət göstərən bələdiyyələrin nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilib. Həmçinin Tədbirlər Planından irəli gələn məsələlərin icrasının diqqətdə saxlanılması ilə bağlı bələdiyyələrə müvafiq tövsiyə məktubu göndərilərək, zəruri ümumiləşdirmələrin aparılması üzrə işlərə başlanılıb. İl ərzində müxtəlif görüşlərin, ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur.
Müvafiq sənədlər şəhərsalma siyasətinin yalnız mərkəzi icra hakimiyyəti orqanlarının deyil, həm də yerli özünüidarəetmənin fəaliyyətində yeni keyfiyyət mərhələsinə addım atdığını göstərir.
Hər il yerli büdcələrin müəyyən hissəsi parkların, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınmasına və abadlıq işlərinin aparılmasına ayrılır. Bildiyiniz kimi ötən il respublika üzrə abadlıq işlərinə 10 milyon manata yaxın vəsait ayrılıb.
Əminəm ki, “2026 – Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər bələdiyyələrin fəaliyyətinə yeni məzmun gətirəcək, onların yerli inkişaf prosesində rolunu daha da gücləndirəcəkdir. Ədliyyə Nazirliyi də bundan sonra bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, metodoloji dəstək və hüquqi müşayiət istiqamətində öz işini davam etdirəcəkdir”.