BAKI, 23 aprel. TELEQRAF
"Azərbaycan demokratik, hüquqi dövlətin yaranması, müstəqil dövlət təsisatlarının qurulması, o cümlədən yerli özünüidarəetmə institutlarının və vətəndaş cəmiyyətinin formalaşdırılması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zaman deyib.
O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dövlət quruculuğu prosesi yalnız mərkəzi idarəetmənin gücləndirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda yerli özünüidarəetmə institutlarının inkişafına da xüsusi diqqət yetirilib: “Onun siyasi kursunun əsas istiqamətlərindən biri demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsi olub. Bu sahədə qəbul edilmiş fundamental hüquqi sənədlər, qanunvericilik aktları və strateji proqramlar uzunmüddətli inkişafın möhkəm təməlini qoyub.
Azərbaycan üçün gənc təsisat olan yerli demokratiyanın və özünüidarəetmənin hüquqi bazasının əsasını Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Əsas Qanunun 124-cü maddəsində yerli icra hakimiyyəti orqanları, 142–146-cı maddələrində isə bələdiyyələrin hüquqi statusu, fəaliyyət prinsipləri və səlahiyyətləri təsbit olunmuşdur. Bu müddəalarla Azərbaycanda yerli özünüidarəetmə institutunun konstitusion səviyyədə tanınması təmin edildi.
Konstitusiyaya əsasən, bələdiyyələr seçkili orqanlar kimi formalaşır və yerli əhəmiyyətli məsələlərin həllində müstəqil fəaliyyət göstərirlər. Bu yanaşma demokratik idarəetmənin əsas prinsiplərindən olan subsidiarlıq və vətəndaş iştirakçılığı prinsiplərinə uyğun olaraq qurulmuşdur”.
Ziyafət Əsgərov bildirib ki, 1990-cı illərin sonlarında həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda yerli özünüidarəetmə sisteminin institusional formalaşması təmin edilmişdir: “1999-2001-ci illər ərzində qəbul edilmiş “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və ”Bələdiyyə qulluğu haqqında” qanunlar və digər normativ-hüquqi aktlar bələdiyyələrin hüquqi əsaslarını müəyyən edib.
Bu qanunlar bələdiyyələrin maliyyə müstəqilliyinin təmin olunması, yerli resursların idarə edilməsi və kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib. 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə demokratik əsaslarla keçirilən bələdiyyə seçkiləri ilə yerli demokratiyanın daha da inkişaf etdirilməsinə təkan verildi. Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi və zamanın tələbi kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyev seçkidən öncə xalqa müraciətində demişdir: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər”.
Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə əsasən, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti yalnız formal xarakter daşımamalı, real sosial-iqtisadi nəticələrə xidmət etməli idi. Bu baxımdan, bələdiyyələrin maliyyə müstəqilliyinin artırılması, onların yerli problemlərin həllində rolunun gücləndirilməsi istiqamətində mühüm hüquqi və institusional addımlar atılıb.
Azərbaycanın yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübəyə inteqrasiyası da Heydər Əliyevin siyasi kursunun mühüm tərkib hissəsi idi. 2001-ci ildə ölkəmizin Avropa Şurasına üzv qəbul olunması bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Bu prosesin davamı olaraq Azərbaycan “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasını ratifikasiya etdi. Bu sənəd yerli özünüidarəetmənin əsas prinsiplərini – hüquqi, inzibati və maliyyə müstəqilliyini, vətəndaş iştirakını və demokratik idarəetməni təmin edən mühüm beynəlxalq hüquqi çərçivədir”.
O qeyd edib ki, Ulu öndər Heydər Əliyev irsinin digər prioritet istiqamətlərindən biri də regionların kompleks inkişaf strategiyasının müəyyən edilməsi olub: “Onun təşəbbüsü ilə ölkənin bütün bölgələrinin sosial-iqtisadi inkişafını təmin edən vahid dövlət siyasətinin əsası qoyulub. Bu siyasət sonrakı dövrdə də sistemli dövlət proqramları ilə davam etdirilib. Həmin dövlət proqramları çərçivəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri reallaşdırımış, yeni iş yerləri yaradılmış, kənd və rayonların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəldilib.
Bu gün suveren Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının həyata keçirilməsi, yerli özünüidarəetmənin təkmilləşdirilməsi və demokratik institutların möhkəmləndirilməsi istiqamətində görülən işlər məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun müasir çağırışlara uyğun şəkildə məntiqi davamı və inkişafıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bələdiyyə institutunun gücləndirilməsi məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilmiş və yeni hüquqi mexanizmlər formalaşdırılmışdır. Bu istiqamətdə əsas sənədlərdən biri kimi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş çoxsaylı əlavə və dəyişikliklər göstərilə bilər. Bu dəyişikliklər bələdiyyələrin fəaliyyətinin şəffaflığının artırılması, onların məsuliyyət mexanizmlərinin gücləndirilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsi məqsədi daşıyır.
Müasir dövrdə dövlət idarəçiliyində rəqəmsallaşma əsas prioritetlər sırasındadır. Bu baxımdan İlham Əliyevin təşəbbüsü ilə elektron hökumət sisteminin yaradılması və inkişafı yerli özünüidarəetməyə də effektiv təsir göstərmişdir.
Elektron Azərbaycan Dövlət Proqramı və sonrakı rəqəmsal inkişaf strategiyaları çərçivəsində dövlət və bələdiyyə xidmətlərinin elektronlaşdırılması, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə həll olunması üçün yeni imkanlar açıldı. Bu isə öz növbəsində, vətəndaş iştirakçılığının artmasına və yerli demokratiyanın praktiki mexanizmlərinin güclənməsinə şərait yaradır".
Ziyafət Əsgərov vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə regionların iqtisadi potensialının daha səmərəli istifadəsi məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində mühüm addımlar atıldı: "Bu sahədə qəbul edilmiş qərarlar regionlarda investisiya mühitinin yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına vəsilə oldu.
Eyni zamanda kəndlərin inkişafı, aqrar sektorun modernləşdirilməsi və infrastrukturun yenilənməsi istiqamətində dövlət dəstəyi gücləndirildi. Həyata keçirilən tədbirlər regionlararası sosial-iqtisadi fərqlərin azaldılmasına xidmət edir.
Son illərdə ölkəmiz dövlətçilik və suverenlik tarixinin ən qüdrətli dövrünü yaşayır. Ümummilli Liderin ümdə vəsiyyətini parlaq Zəfərimizlə təmin edən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bu gün həyata keçirilən regional inkişaf siyasətində başlıca məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, müasir idarəetmə və infrastruktur modelləri qurulur. Bu yanaşma yalnız fiziki bərpa deyil, həm də yeni, daha effektiv yerli idarəetmə sisteminin formalaşdırılmasını nəzərdə tutur.
Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanda yerli demokratiyanın formalaşması, özünüidarəetmə prinsiplərinin bərqərar olması və regionların davamlı inkişafı üçün fundamental baza yaradıb.
Bu gün Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətlər, regionların inkişafı və demokratik idarəetmə institutlarının möhkəmlənməsi məhz bu möhkəm təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Heydər Əliyev irsi yalnız keçmişin deyil, həm də gələcəyin inkişaf yolunu müəyyən edən mühüm bir strateji istiqamətdir”.