BAKI, 15 aprel. TELEQRAF
"Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü onun zəngin və çoxşaxəli fəaliyyətinə bir daha nəzər salmaq, bu böyük şəxsiyyətin Azərbaycan səhiyyəsinə verdiyi misilsiz töhfələri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Zərifə xanım Əliyeva bütün həyatını insan sağlamlığının qorunmasına, tibb elminin inkişafına və milli kadr potensialının formalaşdırılmasına həsr etmiş nadir şəxsiyyətlərdən biri olub. Onun fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmayıb, həm elmi, həm pedaqoji, həm də ictimai müstəvidə geniş miqyas alıb".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında deyib.
Onun sözlərinə görə, Zərifə xanım həkimlik peşəsini dərin məsuliyyət və humanizm prinsipləri əsasında həyata keçirərək, minlərlə insana şəfa bəxş edib: "Alim-oftalmoloq kimi o, xüsusilə görmə orqanının peşə patologiyalarının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparmış, istehsalat mühitində insan sağlamlığına təsir edən amillərin elmi əsaslarla araşdırılmasına nail olmuşdur. Onun hazırladığı müalicə üsulları qısa müddətdə respublikanın müxtəlif tibb müəssisələrində geniş tətbiq edilmiş, praktik səhiyyədə mühüm yenilik kimi qəbul olunaraq böyük nəticələr vermişdir.
Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmırdı. O, eyni zamanda yüksək humanist dəyərləri ilə seçilərək kimsəsiz və aztəminatlı uşaqlara xüsusi qayğı göstərmiş, onların sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlamışdır. Onun bu xüsusiyyəti onu cəmiyyətin yaddaşında təkcə alim kimi deyil, həm də böyük ürək sahibi olan insan kimi yaşatmışdır.
Uzun illər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışan Zərifə xanım gənc həkimlərin hazırlanmasında mühüm rol oynamış, öz zəngin bilik və təcrübəsini gələcək nəsillərə ötürərək milli səhiyyə sisteminin inkişafına töhfə vermişdir. Onun rəhbərliyi və iştirakı ilə aparılan elmi tədqiqatlar əsasən peşə xəstəlikləri, kimyəvi maddələrin görmə orqanına təsiri, profilaktika və müalicə üsullarının təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə etmişdir ki, bu da böyük tətbiqi əhəmiyyət kəsb etmişdir".

Deputat qeyd edib ki, Zərifə xanım Əliyevanın elmi maraqları yalnız oftalmologiya çərçivəsi ilə məhdudlaşmayıb, o, tibbin müxtəlif sahələrinə kompleks yanaşma nümayiş etdirib: "Onun müəllifi olduğu monoqrafiyalar və elmi əsərlər Azərbaycan oftalmologiya elminin inkişafında mühüm rol oynamış və bu gün də aktuallığını qorumaqdadır. Alimin elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi onun oftalmologiya sahəsində nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın olması xüsusi qeyd edilməlidir.
Milli kadr hazırlığı prosesində fəal iştirak edən Zərifə Əliyeva yüzlərlə peşəkar həkimin yetişməsinə töhfə vermiş, onun yetirmələri bu gün də Azərbaycan səhiyyəsində uğurla fəaliyyət göstərirlər. O, yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi cəmiyyətin sosial problemlərinə həssas yanaşmış, insanların rifahı naminə təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlarla yanaşı, o, sadəliyi, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı nümunəsi olmuşdur.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında deyib: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
Bu gün akademik Zərifə Əliyevanın əziz xatirəsi dərin ehtiramla yad olunur. Onun Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələr, elmi irsi və humanist fəaliyyəti gələcək nəsillər üçün örnək olaraq yaşayır və daim yaşayacaqdır".