BAKI, 15 aprel. TELEQRAF

"Azərbaycan və Rusiya prezidentləri arasında Düşənbə şəhərində əldə olunmuş razılaşma fonunda AZAL-a məxsus təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli həm regional diplomatiyanın, həm də dövlət məsuliyyətinin mühüm nümunəsi kimi dəyərləndirilə bilər".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva açıqlamasında deyib.

Onun sözlərinə görə, bu proses bir daha göstərdi ki, ən mürəkkəb və həssas məsələlər belə siyasi iradə, qarşılıqlı hörmət və davamlı dialoq əsasında həllini tapa bilər: "Azərbaycan tərəfi hadisənin ilk anlarından etibarən prinsipial və dəyişməz mövqe sərgiləyərək məsələnin yalnız hüquqi deyil, həm də ədalət və şəffaflıq prinsipləri çərçivəsində araşdırılmasını əsas prioritet kimi müəyyənləşdirdi. Bu yanaşma dövlətin milli maraqlarının qorunması ilə yanaşı, vətəndaş amilinin də daim diqqət mərkəzində saxlanıldığını açıq şəkildə nümayiş etdirdi.

Xüsusilə vurğulanmalıdır ki, bu nəticənin əldə olunmasında Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi, strateji baxışı və prosesə birbaşa nəzarəti həlledici rol oynayıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq məsuliyyətin dəqiq müəyyən olunması, təqsirli tərəfin cavabdehliyə cəlb edilməsi və zərərçəkmişlərə adekvat kompensasiyanın ödənilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirib".

Deputat qeyd edib ki, qəza ilə bağlı məsələlərin obyektiv araşdırılması, ictimaiyyətə açıq məlumatlandırma və şəffaflığın təmin edilməsi Azərbaycanın hüquqi dövlət kimi mövqeyini daha da gücləndirdi: "Qəbul olunmuş kompensasiya mexanizmi isə təkcə hüquqi məsuliyyətin yerinə yetirilməsi deyil, eyni zamanda insan həyatına verilən yüksək dəyərin ifadəsi kimi çıxış edir.

Bu hadisə fonunda Azərbaycan dövləti bir daha sübut etdi ki, öz vətəndaşlarının hüquq və mənafelərini ən yüksək səviyyədə müdafiə etmək iqtidarındadır. Dövlətin əyilməz siyasi iradəsi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan siyasəti nəticəsində ədalətli və layiqli qərarın əldə olunması mümkün oldu.

Ümumilikdə, bu proses Azərbaycanın beynəlxalq münasibətlər sistemində məsuliyyətli, qətiyyətli və konstruktiv tərəfdaş kimi çıxış etdiyini bir daha təsdiqləyir. Eyni zamanda, dövlətin öz vətəndaşının yanında olduğunu əməli addımlarla nümayiş etdirməsi milli həmrəyliyin və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm amil kimi qiymətləndirilə bilər".