BAKI, 15 aprel. TELEQRAF

"Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova açıqlamasında deyib.

Onun sözlərinə görə, Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü: "Zərifə xanım bu gün də onu tanıyanların qəlbində qayğıкеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır.

Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu.

Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan акаdemik Əziz Əliyev övladlarını mənəvi dəyərlər, milli ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etdi. Bu təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Hicran Hüseynova bildirib ki, dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər: "Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva demişdir: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".

Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.

Müxtəlif peşə sahibləri və dünyagörüşləri olan, lakin əsl ailə məhəbbəti nümunəsi kimi məşhur ailələrimiz bu gün də gənc ailələrə nümunədir. Azərbaycanın sadiq xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O qeyd edirdi ki, “.... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Əlbəttə, milli, maddi və mənəvi dəyərlərimizi gənc nəsillərə təbliğ etmək və ötürmək, xalqımızın gələcəyini qorumaq qədər dəyərlidir".

Komitə sədri vurğulayıb ki, Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur: "Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırırlar. Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Azərbaycanın Prezidenti cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Bəzən kiçik uğurlar da insanda özündən razılıq, başqalarına laqeydlik hissləri yaradır. Lakin ömrünün üstünə gələn qayğılı-qayğısız illər zəngin mənəviyyata malik, əsl insani keyfiyyətləri özündə birləşdirən Zərifə xanımın təbiətini dəyişə bilmədi. Ailəsi şöhrətləndikcə o, insanlara daha çox yaxınlaşmağa başladı. Ömrünün son günlərinədək hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır".