BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Bərabər Dəyərli İş Üçün Kişi və Qadın İşçilərin Bərabər Ödənişi" adlı 100 saylı Konvensiya və digər normativ hüquqi aktlara əsasən, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Bu sənədlər əmək haqqı ilə bağlı gender ayrı-seçkiliyini aradan qaldırmağı hədəfləyir. Və bu prinsipi həyata keçirmək üçün obyektiv iş qiymətləndirməsindən istifadə edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, işin obyektiv qiymətləndirilməsi dedikdə, işəgötürənlər tərəfindən əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətlərinin nəzərə alınması başa düşülür:

“Bərabər Dəyərli İş" konsepsiyası o deməkdir ki, işin mahiyyəti fərqli olsa belə, dəyəri və əmək haqqı eyni olmalıdır. Lakin mövcud milli qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir. Bu baxımdan da, əmək haqqının ödənilməsi sahəsində gender bərabərliyinin təmin olunmasına ehtiyac vardır. Digər tərəfdən, Azərbaycan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulub və dövrü hesabatlar təqdim edir. BMT-nin müvafiq komitəsinin ölkəmizə verdiyi tövsiyələrdən biri də eyni dəyərə malik olan işləri yerinə yetirən kişilərə və qadınlara bərabər əmək haqqının verilməsidir. Bu, həm də qadın və kişilərin konstitusion haqqıdır. Buna görə də Əmək Məcəlləsinə və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişiklik çox vacib və aktual məsələdir".

Komitə sədri bildirib ki, mövcud qanunvericiliyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir:

"Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinin müvafiq maddəsi ilə yanaşı, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun 9 nöqtə1-ci maddəsi də yeni redaksiyada verilir. Qeyd edim ki, respublikada kişi və qadınların orta əməkhaqqı fərqliliyinin aradan qaldırılması məqsədilə mühüm islahatlar həyata keçirilir.

Vətəndaşlarımızın məşğulluq məsələsi, onların layiqli işlə təmin edilməsi Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı hər zaman deyir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. İşsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması, onların əməyinin qiymətləndirilməsi prioritet məsələdir. Müsbət nəticələr də var. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini, 2025-ci ildə isə bu nisbət 69,2 faiz təşkil edib. Təqdim olunan qanun layihəsi bu prosesi daha da sürətləndirəcək”.