BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir. Statistika ilə verilən saya baxsaq, orada illərlə növbəyə durmalısan ki, sağalasan. Daha sonra isə reabilitasiya mərkəzinə getməlisən ki, orada da vəziyyət eynidir. Çox az sayda insanı əhatə edə bilir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, onkoloji xəstəliklərin müalicəsinin lisenziya əsasında özəl tibb müəssisələrinə verildiyi kimi, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsinin özəl və regional xəstəxanalara verilməsi məqsədəuyğun olardı: "Bu qanunu daha da gücləndirməliyik. Hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi iş aparır. Bununla yanaşı onun mənbəyinin müəyyənləşdirilib birbaşa mənbəyinin kəsilməsi məqsədəuyğun olardı. Mənbə kəsilmədən onun qarşısını almaq qeyri-mümkün olacaq".