BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Səfər zamanı səsləndirilən bəyanatlar və keçirilən görüşlər Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir, qarşılıqlı hörmət, suverenliyə dəstək və strateji tərəfdaşlıq kimi prinsiplərin dövlətçilik baxımından əsas sütunlar olduğu bir daha vurğulanır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi və Gürcüstanın da eyni mövqeni nümayiş etdirməsi regionda sabitliyin qorunması və möhkəmləndirilməsi baxımından mühüm siyasi xəttin davamıdır:
"Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlıq və investisiya məsələlərinə xüsusi diqqət yetirilməsi Azərbaycan-Gürcüstan münasibətlərində iqtisadi faktorun həlledici rol oynadığını göstərir və Gürcüstana qoyulan milyardlarla dollarlıq sərmayə Azərbaycanın regional iqtisadi güc kimi mövqeyini daha da möhkəmləndirdiyini sübut edir.
Enerji və nəqliyyat layihələrinin inkişafı bu səfərin strateji istiqamətlərindən biri kimi çıxış edir, belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Azərbaycanın həm regionda, həm də qlobal miqyasda geosiyasi əhəmiyyətini artırır və ölkəni beynəlxalq enerji və logistika sistemində əsas aktorlardan birinə çevirir. Bu isə milli maraqların beynəlxalq layihələr vasitəsilə təmin edilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər".
Deputat bildirib ki, səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın məsuliyyətli və təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir:
"Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin formalaşmasında aparıcı rol oynadığını təsdiqləyir. Eyni zamanda, Gürcüstanın vasitəçi rolunun qeyd olunması və bu ölkəyə təşəkkür edilməsi diplomatik münasibətlərdə qarşılıqlı etimadın və incəliyin bariz nümunəsidir.
Ümumilikdə bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, regional sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə, Azərbaycanın geosiyasi mövqeyinin daha da artmasına və dövlətlərarası etimadın dərinləşməsinə xidmət edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstan səfəri Azərbaycanın milli maraqlara əsaslanan, balanslı və uzaqgörən xarici siyasət kursunun uğurla davam etdirildiyini və güclü dövlətçilik ənənələrinin möhkəm şəkildə qorunduğunu bir daha nümayiş etdirir".