BAKI, 11 oktyabr. TELEQRAF
“Sabah” və Çexiyanın “Slaviya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun Bakıdakı oyununa təyinat alan avstriyalı hakim Sebastian Qishamer daha əvvəl Azərbaycan millisinin və “Qarabağ”ın matçlarını idarə edib.
Teleqraf xəbər verir ki, 37 yaşlı FIFA referisi ilk dəfə 2017-ci il iyunun 5-də Azərbaycanın U-21 yığmasının Çexiya U-21 komandasına 0:5 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə baş hakim olub.
O, 2023-cü il oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın səfərdə İsveçin “Hekken” klubuna 1:0 hesabı ilə qalib gəldiyi matçı da idarə edib. Qishamer 2025-ci il oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada da baş hakim funksiyasını yerinə yetirib.
Avstriyalı referinin “Qarabağ”la sonuncu təyinatı isə 2025-ci il noyabrın 5-də olub. O, UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan “Qarabağ” – “Çelsi” görüşünü idarə edib.
2019-cu ildən beynəlxalq matçlara təyinat alan Qishamer cari mövsümdə (2026/2027) avrokuboklarda iki qarşılaşmada hakimlik edib. O, UEFA Avropa Liqasının təsnifat mərhələsində “Omoniya” – “Linkoln” (1:0) və “Lex Poznan” – “Tun” (7:0) oyunlarını idarə edib. Avstriyalı hakim bu matçlarda ümumilikdə yeddi sarı vərəqə göstərib.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.