BAKI, 3 aprel. TELEQRAF

Cinayət Məcəlləsinə və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna bir sıra mühüm dəyişikliklər edilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, Cinayət Məcəlləsinin 282.2 maddəsində eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanın nəzərdə tutulduğu qeyd edilib.

Həmin maddə yeni redaksiyada verilib. Belə ki, eyni əməllər - mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə (282.2.1.), fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədildikdə (282.2.2.), şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (282.2.3.), ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda (282.2.4.) – on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

Bu Məcəllənin "Qeyd" hissəsində 282-ci maddəsi ilə nəzərdə tutulan əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcəyi qeyd edilib.