"Son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mühüm islahatlar keçirilir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, incəsənət məktəblərində də islahatların aparılması zamanın tələbidir və bununla bağlı təkliflərini verirəm: "Sertifikasiyadan keçməyən incəsənət müəllimlərinin mümkün qədər yardımçı işlərlə təmin olunması və ya hansısa dəstək verilməsi məsələsinin gündəmdə saxlanılması. Təhsil sahəsində təxminən 13 min müəllim imtahanlardan kəsilib. Təxminən 1000 nəfər işlə təmin olunub. Nəzərə alsaq ki, paralel olaraq digər qurumlarda da islahatlar həyata keçirilir bu həssas məqamı mütləq nəzərə almalıyıq. Əks halda bu gələcəkdə sosial gərginliyə də səbəb ola bilər.

Əgər müəllimlərin maaşına eyni sistemlə yanaşılacaqsa, ballar arasında fərqin çox olmamalıdır. Təklif olunan rəqəmlər 10, 20, 30-dur. Təbii ki, əgər maaşlarda artım olacaqsa.

Musiqi məktəblərinə qəbul yerlərinin azaldılmasında daha ehtiyatlı yanaşma. Bu da çox önəmlidir. Bölgədən bölgəyə bu rəqəmlərdə fərqlər müşahidə olunur.

Musiqi məktəblərinin bağlanması məsələsinə həssas yanaşılmalıdır. Təhsildə belə proses gedir. Əgər belə olacaqsa, bu prosesin məskunlşma başa çatdıqdan sonra həyata keçirilməsi daha yaxşı olar.

İşğaldan azad olunmuş ərazilərdə yeni musiqi məktəblərinin açılmalıdır. Xüsusən də, Cəbrayıl rayonunda belə bir problem var. Gələcəkdə bu məqamı nəzərə almağı xahiş edirəm".