BAKI, 18 mart. TELEQRAF

"Son illərdə mədəniyyət sahəsində görülmüş işlər onu göstərir ki, biz gələcəyə doğru bu sahədə inamla addımlayıq".

Teleqraf xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, vaxtilə yol verilmiş boşluqlar, çatışmazlıqlar, bunların hamısı ardıcıl surətdə aradan qaldırılacaq: “Burada da, şübhəsiz ki, təhsilin prioteti xüsusi qeyd edilir. Mən görülmüş işlərdən biri kimi qeyd etmək istəyirəm ki, Ağdam rayonunun Xındırıstan kəndində 7 illik uşaq musiqi məktəbində oldum və orada rəqəmsallaşdırılan sistemi də gördüm, o münasibəti də gördüm”.

Deputat vurğulayıb ki, Heydər Əliyev Fondu və onun Prezidenti, hörmətli Mehriban xanım Əliyeva vaxtilə muğama olan münasibəti kökündən dəyişdi və muğamın vətəninin Azərbaycan olduğunu göstərdi: “Bu gün muğam mərkəzi kimi Azərbaycan qəbul edilir və gözəl model nümunələrindən biri də muğam müsabiqələrinin keçirilməsidir.

İstərdim, bir təklifi də səsləndirim. Qanunvericiliyə dəyişikliyin edilməsi və istedadlıların ali təhsilə qədər təhsilin davam etdirilməsi tədqirəlayiq olar və çox yaxşı olar ki, biz qanunvericiliyə dəyişiklik etməklə musiqi və incəsənət məktəblərindən istedadlı şagirdlərin ali məktəbə qədər təhsilinin təminatı təşkil edək. Mənə elə gəlir ki, bu proses məktəbəqədər təhsildən başlayır”.