BAKI, 18 mart. TELEQRAF
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni əsasları müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə əmək müqaviləsinə xitam verilir.
Həmçinin işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda da əmək müqaviləsinə xitam verilir.