BAKI, 17 mart. TELEQRAF
"Təqdim olunan qanun layihəsi bir çox mühüm məsələləri əhatə edir. Nəzərdə tutulan əlavə və dəyişikliklər uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, bu yaxınlarda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi qəbul edildi".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, həmin qanuna əsasən, uşağa qarşı zorakılığın bütün formaları qadağan edilir və zorakılığın törədilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur: "İnzibatı Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq hazırlanıb.
Hesab edirik ki, uşaqlara qarşı zorakılıq hallarının vaxtında aşkarlanması və qarşısının alınması uşaq hüquqlarının müdafiəsi sistemində əsas məsələlərdən biridir. Belə halları aidiyyəti qurumlara vaxtında bildirməsi zorakılıq hallarının erkən mərhələdə müəyyən edilməsinə və müdaxilə mexanizmlərinin işə düşməsinə imkan yaradır. Son illərdə təhsil müəssisələrində uşaqlar arasında aqressiv davranış və psixoloji təzyiq halları sosial problem kimi daha çox diqqət mərkəzinə çevrilmişdir. Bu kimi halların qarşısının alınması uşaqların psixoloji sağlamlığının qorunması, təhlükəsiz təhsil və sosial mühitinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Uşaqların dilənçiliyə və küçə fəaliyyətlərinə cəlb olunması onların sosial və iqtisadi istismarına səbəb ola biləcək hallardandır. Onların qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlər uşaqların sosial müdafiəsini daha da gücləndirəcəkdir.
Layihədə uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. Valideyn və təhsil və sosial müəssisələrdə işləyən şəxslər uşaqların təlim –tərbiyəsi üzrə öhdəliyi olan insanlardır".
Komitə sədri bildirib ki, son zamanlar biz mətbuatda, sosial mediada uşaqlara qarşı müxtəlif zorakılıqların tətbiq edilməsi hallarına rast gəlirik: "Bu, bütün hallarda qanuna və insanlığa zidd əməl sayılır. Hüquqi və mənəvi məsuliyyət yaradır. Biz hər zaman deyirik ki, qanunlarımız yalnız hüquqları bəyan etməli deyil. Həm də bu qanunların reallaşdırılması mexanizmlərini də tənzimləməlidir. İnzibati Xətalar Məcəlləsinə edilən bu əlavə və dəyişikliklər olduqca vacibdir".