BAKI, 17 mart. TELEQRAF
Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli "Avaralıqla məşğul olma" kimi qeyd edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.