BAKI, 27 may. TELEQRAF

Ötən il dövlət büdcəsində təhsil xərclərinə 4 milyard 550 milyon 300 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4 milyard 390 milyon manat məbləğində vəsait istifadə olunmuşdur ki, bu da proqnoza nisbətən 160,3 milyon manat və ya 3,5 faiz az, 2023-cü illə müqayisədə isə 265,2 milyon manat və ya 6,4 faiz çoxdur.

Hesabat ilində təhsil xərcləri ÜDM-in 3,5 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 11,6 faizini (2023-cü illə müqayisədə 0,3 faiz-bənd çox) təşkil edib.

Dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış 227,8 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, təhsil sahəsinə dövlət büdcəsi xərclərinin 12,2 faizi həcmində və ya 4617,8 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 247,2 milyon manat və ya 5,7 faiz çoxdur.

Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,1 faiz-bənd, mütləq ifadədə isə 1615,7 milyon manat və ya 1,6 dəfə artmışdır.

Funksional təsnifata uyğun olaraq təhsil xərcləri üzrə istifadə olunmuş vəsaitin 2289,4 milyon manatı və ya 52,1 faizi ümumi təhsil xərclərinin, 903,6 milyon manatı və ya 20,6 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 579,4 milyon manatı və ya 13,2 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və digər ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclər), 423,7 milyon manatı və ya 9,7 faizi məktəbəqədər təhsilin, 92,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsilinin, 77,1 milyon manatı və ya 1,8 faizi peşə təhsilinin, 18,7 milyon manatı və ya 0,4 faizi əlavə təhsilin, 5,9 milyon manatı və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldilmişdir.

İqtisadi təsnifat üzrə təhsil xərclərinin icrası (milyon manatla) aşağıdakı qrafikdə qeyd olunduğu kimi olub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.