BAKI, 27 may. TELEQRAF

Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon 400 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, bu da proqnozla müqayisədə 573,4 milyon manat və ya 3,1 faiz, 2023-cü illə müqayisədə isə 2112,4 milyon manat və ya 12,4 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə daxilolmaların 11 milyard 27 milyon 500 min manat və ya 57,5 faizi vergi orqanlarının xətti ilə (2023-cü illə müqayisədə 1319,6 milyon manat və ya 13,6 faiz çox) olub.

Həmçinin daxilolmalaların 6 milyard 648 milyon 700 min manat və ya 34,6 faizi gömrük orqanlarının xətti ilə (2023-cü illə müqayisədə 310,9 milyon manat və ya 4,9 faiz çox), 1 milyard 516 milyon 300 min manatı və ya 7,9 faizi isə digər mənbələrdən daxilolmaların payına düşüb.

Vurğulanıb ki, qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olub. Belə ki, qeyri - neft ÜDM proqnozdan 955,6 milyon manat çox olmuş, real artım tempi isə 0,7 faiz-bəndi təşkil etmişdir. Artım əsasən tikinti sektorunda 33,1 milyon manat, ticarət sektorunda 398,6 milyon manat, nəqliyyat sektorunda 426,3 milyon manat, sosial və digər xidmətlər üzrə 438,7 milyon manatlıq əlavə dəyər hesabına təmin olunub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.