BAKI, 27 may. TELEQRAF
2025-ci il 1 yanvar tarixinə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 312 100 nəfər olmuş, onlardan 5 029 800 nəfərini məşğul əhali təşkil edib.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil etmiş, hər nəfərə düşən gəlir orta hesabla 8 144 manat 10 qəpikə çatıb.
2024-cü ilin tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. Əlverişli beynəlxalq konyuktur cari əməliyyatlar balansında əvvəlki illərdə olduğu kimi profisitlə formalaşmış (4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 faizi), kapital və maliyyənin hərəkəti hesabında isə 5,0 milyard ABŞ dolları kəsir yaranmış, ehtiyat aktivləri isə 0,4 milyard ABŞ dolları azalmışdır.
2024-cü ildə qlobal əmtəə bazarlarında xammal, xüsusilə enerji resurslarının qiymətləri üzrə azalma müşahidə olunub.
“Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşmış, 2023-cü ildəki orta qiymətdən 3,8 faiz az, 2024-cü ilin dövlət büdcəsi üzrə əsas götürülmüş göstəricidən (75,0 ABŞ dolları) 10,4 faiz çox olub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
