BAKI, 27 may. TELEQRAF

2024-cü ildə illik (12 aylıq) inflyasiya 4,9 faiz təşkil etməklə hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz olub.

Teleqraf xəbər verir ki, bu, 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, inflyasiyanın səviyyəsi bir sıra xarici və daxili amillərin təsirləri altında formalaşıb.

Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası, dünya əmtəə qiymətləri indeksinin dəyişməsi, həmçinin manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi illik inflyasiya səviyyəsinə təsir edib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, idxal olunan məhsullar üzrə qiymət artımı 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,4 faiz təşkil etmişdir. Valyuta bazarında tarazlığın qorunması, manatın nominal
effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalına məhdudlaşdırıcı təsir göstərib.

Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1,7 manat) təmin edib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.