BAKI, 23 may. TELEQRAF
"On il ərzində baş verən qəzaların ümumi statiskası hər birimizi narahat etməlidir- ölənlərin sayı 7539 nəfər, yaralananlar isə 16.515 nəfər təşkil edir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib,
Deputat Dövlət Statistika Komitəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatlarını da bölüşüb: "2024-cü ildə 1427 qəza və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq, 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb. Göründüyü kimi, hər gün iki nəfərin ölümü, 3.5 nəfərin isə yaralanmasına səbəb olan yol nəqliyyat qəzaları ölkəmizin genefonduna zərbə vurur. On il ərzində baş verən qəzaların ümumi statiskası hər birimizi narahat etməlidir- ölənlərin sayı 7539 nəfər, yaralananlar isə 16.515 nəfər təşkil edir. Biz İkinci Qarabağ savaşında müqəddəs şəhidlərimizin sayının 3 min nəfər olduğunu bilərək, millətimizin hansı bir hissəsinin həyatının məhz yollarda qurban getdiyini həyacan siqnalı kimi qəbul etməliyik. Türkiyədə “trafik canavarı” adlanan bəlanın ölkəmizdəki səbəblərinin geniş təhlil olunması vacibdir".
Deputat yol təhlükəsizliyi ilə bağlı beynəlxalq indekslərdə Azərbaycanın mənzərəsi ciddi narahatlıq doğurduğunu bildirib: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Yol nəqliyyatında ölüm nisbəti (hər 100 000 nəfərə). 5 fevral 2024-cü il Hesabatına” görə, Azərbaycanda hər yüz min nəfərə ölüm nisbəti 17.2 nəfərdir. Bu rəqəm dünyada 15, Avropada 6, Ermənistanda 13.6, Gürcüstanda 12.7, Fransada 4.7 kimidir. Çin (17.4) və Azərbaycanın (17.2 nəfər) göstəricisinin demək olar, eyni olması bu sahədə olduqca ciddi problemlər olmasını, islahatlarla bağlı ciddi addımlar atılmasını tələb edir.
Komitə sədri yol nəqliyyatı sferasında müxtəlif proqramları və siyasət qərarlarını qəbul etməyin hökumət orqanları üzərinə düşən mühüm vəzifələrdən biri olduğunu qeyd edib: "Dəhşətli statistikanın yalnız bir komponenti-piyadaların ölümü ilə nəticələnən hadisələri təhlil edərkən, Əfv Komissiyasının üzvü kimi görürdük ki, qəzaların baş verməsi zamanı “yol piyadanındır” hökmü ilə hərəkət edən insanların ölümü ilə nəticələnən hadisələr üstünlük təşkil edir. Səkidə, yaxud digər özəl şəraitlərdə deyil, məhz magistral və şəhər mərkəzi yollarda həyatını itirənlər müəyyən nəticəyə gəlməyə imkan verir".