BAKI, 23 may. TELEQRAF

Minimum istehlak səbətinin tərkibinin müəyyən edilməsi üçün müddət 3 ildən 2 ilə endirilməlidir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Yaşayış minimumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Qüdrət Həsənquliyev minimum istehlak səbətinin tərkibi 3 ildən bir müəyyənləşdirilirməsinə etiraz edib: "Bu kifayət qədər böyük müddətdir. Yəni bu müddəti ən azı 2 ildən bir etmək lazımdır. Və bir daha vurğulayıram ki, bir çox xəstələrə həkimlər elə meyvə növləri tövsiyyə edirlər ki, amma o istehlak səbətinə daxil deyil. Məsələn, avokado, kifayət qədər bahalı meyvədir. Bu baxımdan bunun üzərində düşünülsə əhəmiyyətli olar”.

Deputat qanuna qida əlavələri ilə bağlı da maddənin əlavə edilməsini təklif edib: “Bəzi hallarda xəstələrin özünə və ya reabilitasiya olunan şəxslərə gücləndirilmiş qida rasionu tətbiq olunmalıdır. Yəni qidalar, o cümlədən qida əlavələri təqdim edilməlidir. Məsələn, bir futbol oyununda, bəzən bir idmançı 7 kiloqrama qədər çəki itirir. Bəzən biz özümüz televiyada müşahidə edirik ki, məsələn, tennis oyununda idmançılar hətta fasilələrdə belə ya banan yeyir, ya da hansısa qida əlavəsi qəbul edir. Ona görə ki, həddindən artıq enerji itirirlər. Minimum istehlak səbətinə qida məhsullarının siyahısı daxil olsa da, qida əlavələri daxil edilməyib. Bura həm xəstələr, həm də müəyyən təhsil müəssisələri, o cümlədən kursantlar, yaxud internat məktəbləri şamil edilməlidir. Kursantlar təlimlər zamanı həddindən artıq enerji itirirlər. Onlara çox yemək olmaz. Enerjini bərpa etmək üçün gərək çox yesin. Onda da mədə böyüyür, onun hərəkəti çətinləşir. Amma o az yeməli və çox güclü qidalanmalıdır. Onun üçün də qida əlavələrinə ehtiyac yaranır. Bu baxımdan mən hesab edirəm ki, biz bu siyahıya silahlı qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəzaçəkən şəxlər də daxil edilməlidir. Onların da qidalanması dövlət tərəfindən həyata keçirilir. Yəni, bu siyahıya onlar da daxil edilsinlər.