MİNGƏÇEVİR, 16 aprel. TELEQRAF

Güclü yağıntılar Aran bölgəsində çayların səviyyəsinin artmasına səbəb olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, son saatlarda yağan güclü yağışlar Aran bölgəsində çayların su ehtiyatlarının artmasına gətirib çıxarıb. Kür çayında suyun səviyyəsində nəzərəçarpacaq artım müşahidə olunub.

Belə ki, Yevlax rayonu ərazisində 3 santimetr, Zərdab rayonu ərazisində isə 28 santimetr yüksəlmə qeydə alınıb.

Eyni zamanda Ağdaş rayonu istiqamətində yerləşən Türyançayda da axının həcmi əhəmiyyətli dərəcədə artıb. Əgər normal şəraitdə saniyədə 10-12 kubmetr su axını müşahidə olunurdusa, yağıntılar nəticəsində bu göstərici hazırda saniyədə 40 kubmetrə çatıb.

Çaylarda artan su ehtiyatları Mingəçevir Su Anbarında da hiss olunub. Son saatlarda su səviyyəsi burada 5 santimetr yüksəlib. Mütəxəssislər bildirirlər ki, bölgədə yağıntılar fasiləsiz davam etdiyindən su səviyyəsindəki dəyişikliklərin qarşıdakı saatlarda da davam etməsi mümkündür.