MİNGƏÇEVİR, 23 dekabr. TELEQRAF

Mingəçevir şəhər Prokurorluğunda Baş Prokurorluğunun təşəbbüsü ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində regional "Açıq qapı" Günü təşkil olunub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir şəhər Prokurorluğunda keçirilən "Açıq qapı" Günündə Baş Prokurorluğun məhsul əməkdaşları, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlağın prokurluq işçiləri, QHT nümayəndələri və çoxsayda media təmsilçiləri iştirak edib.

Tədbir zamanı prokurorluq fəaliyyətinin hüquqi əsasları, müxtəlif peşəkar incəlikləri və cəmiyyətlə aralarında formalaşmış etimad meyarları haqqında iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Seminar xarakterli növbəti mərhələdə isə informasiya xarakterli nəzəri praktik məsələlərdən söhbət açılıb. Tədbir qarşılıqlı fəal müzakirələr şəraitində davam etdirilib.

İştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilib.

Daha sonra tədbir iştirakçıları şəhər Prokurorluğunun binasını dolaşaraq prokurorluq işçilərinin peşəkar fəaliyyətinin təmin edilməsi üçün yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.

Həmçinin Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.