BAKI, 16 iyun. TELEQRAF

Tarixi zəfərimizi əldə etdikdən sonra Azərbaycanda tamamilə yeni bir mərhələ formalaşıb. Bu, bir tərəfdən böyük qayıdış, quruculuq dövrüdürsə, başqa bir tərəfdən əldə etdiyimiz tarixi zəfəri siyasi, diplomatik kontekstdə bütün dünyaya qəbul etdirmək mərhələsidir.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bütün bunlar güclü dövləti, xarici və daxili siyasəti, iqtisadiyyat və maliyyə əsaslarının olmasını zəruri edir:

“Hazırda Azərbaycan bütün bunların öhdəsindən gəlməyi bacarıb. Əldə edilən tarixi zəfər, regionda Azərbaycanın yaratdığı yeni tarixi, geosiyasi balansı qəbul etməyən ölkələrə bunu qəbul etdirməyi bacarıb. Ancaq bunlar sadəcə məsələnin bir tərəfidir. Şübhəsiz ki, hazırda ictimai həyatımıza, intellektual həyatımıza yeni texnoloji vasitələr daxil olur. İnformasiya cəmiyyətinin keyfiyyətinin və gündəminin təmin olunması üçün yeni milli sifarişlər ortaya çıxır. Belə olan halda əlbəttə ki, bunlar da nəzərə alınmaqla informasiya sərhədlərimizin qorunması zərurəti yaranır”.

Deputat bildirib ki, hazırda bu sahədə də islahatlar həyata keçirilir, yeni yol xəritələri müəyyənləşdirilir:

“Bu məsələlərin öz konseptual həllini tapması üçün həm qanunvericilik bazasında, həm institusional bazada yeni islahatlar aparılır. Ona görə də Audiovizual Şura ilə Media Agentliyinin birləşdirilməsi, onların fəaliyyətinin yenidən təşkili, informasiya cəmiyyətinin iki mühüm seqmentinin – vizual və mediatek seqmentinin əslində birləşdirilməsi və nəticədə onun daha effektiv idarə olunmasını hesablamış addımdır. Bütün bu islahatlar isə nəticə etibarilə güclü Azərbaycana gətirib çıxaracaq ki, bu da milli təhlükəsizlik baxımından olduqca vacibdir”.