BAKI, 26 avqust. TELEQRAF

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində keçmiş prezident Robert Köçəryanın həbs edilməsi ilə bağlı vəsatətinə baxılmasına başlanılıb.

Teleqraf xəbər verir ki, məhkəmənin qarşısına sabiq prezidentin tərəfdarları, “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarının deputatları toplaşıblar.

***

20:11

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.

Teleqraf xəbər verir ki, yerli vaxtla saat 20:30-da məhkəmədə onun barəsində həbs qərarının verilməsi barədə vəsatətə baxılacaq.

***

17:33

Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində qətimkan tədbirinin seçilməsi üçün xəstəxanadan məhkəməyə aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İstintaq orqanının məlumatına görə, külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət almaqda ittiham olunan R.K. barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və onun özü Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu dünən Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb. Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib.

Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Köçəryanın səhhəti pisləşib və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.